2026-cı ilin yanvar–may aylarında Azərbaycan Rusiyadan pişik və it yemlərinin idxalında əsas bazarlardan biri olub.
"PostMedia" xəbər verir ki, Rusiya 2026-cı ilin yanvar–may aylarında pişik və itlər üçün yem ixracını ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 33 faiz artıraraq təxminən 42 min tona çatdırıb. İxracın dəyəri isə 1,5 dəfə artaraq 101 milyon ABŞ dolları təşkil edib.
Məlumatı Rusiyanın "Aqroeksport" Federal Mərkəzi təqdim edib.
Bildirilib ki, 2025-ci ilin eyni dövründə Rusiyanın pişik və it yemləri ixracı 31 min ton, dəyəri isə 66 milyon ABŞ dollarından çox olub. Beləliklə, bu il ixracın həcmi 33 faiz, dəyəri isə 1,5 dəfə artıb.
Qeyd olunub ki, 2026-cı ilin ilk beş ayının yekunlarına görə, Rusiya bu məhsulların ixracından əldə olunan gəlir baxımından həmin dövr üçün rekord göstəriciyə nail olub. Əvvəlki rekord 2022-ci ildə qeydə alınmış və 82 milyon ABŞ dollarını bir qədər üstələyib.
2026-cı ildə Rusiyadan pişik və it yemləri idxal edən əsas ölkələr Belarus (64 milyon ABŞ dollarından çox), Qazaxıstan (22 milyon ABŞ dollarından çox), Özbəkistan (4 milyon ABŞ dollarından çox), Azərbaycan (təxminən 3 milyon ABŞ dolları) və Qırğızıstan (2 milyon ABŞ dollarından çox) olub.
Bundan əlavə, 2026-cı ildə Rusiya Serbiyaya da sabit şəkildə pişik və it yemləri ixrac etməyə başlayıb. Yanvar–may aylarında bu ölkəyə 120 ton məhsul göndərilib. Müqayisə üçün qeyd edək ki, ötən təqvim ili ərzində Serbiyaya cəmi 15 ton belə məhsul ixrac olunub.