Ən azı doqquz nəfər “Chanmi” tayfunu nəticəsində yüngül xəsarət alıb. Tayfun Okinava prefekturasına dəymiş və hazırda Yaponiyanın əsas adaları – Kyuşu, Sikoku və Honşuya doğru hərəkət etməkdədir.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş Katibi Minoru Kihara məlumat verib.
Onun sözlərinə görə, Okinavada həmçinin altı binaya ziyan dəydiyi qeyd olunub.
TASS-ın hesablamalarına görə, tayfunun yaxınlaşması səbəbindən 300-dən çox hava reysi ləğv edilib. Əsas məhdudiyyətlər Kyuşu adasında yerləşən Miyazaki və Kaqosima hava limanlarına təsir edib – tayfun hal-hazırda həmin istiqamətə hərəkət edir.
Meteoroloqların məlumatına görə, “Chanmi” Okinavanın üzərindən keçib və hazırda Kyuşudan cənubda, təxminən saatda 25 km sürətlə şimal-şərq istiqamətində hərəkət edir. Gözlənilir ki, axşama qədər Kyuşunun cənub hissəsinə çatacaq, sonra isə Sikoku və Honşunun Sakit okean sahilləri boyunca hərəkətini davam etdirəcək.
İyunun 3-ü axşam saatlarında tayfun Tokionun metropoliten bölgəsinə yaxınlaşa bilər, bundan sonra isə Sakit okeana doğru hərəkət edəcək.