Avropa Kosmik Agentliyi (ESA) 2030-cu ildə Aya pilotsuz eniş modulu “Argonavt”ı göndərməyi və daha sonra Ay missiyalarını genişləndirməyi planlaşdırır.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə pilotlu və robotlaşdırılmış kosmik uçuşlar üzrə direktor Daniel Noyenşvander bildirib.
Onun sözlərinə görə, məqsəd Ay haqqında bilikləri genişləndirmək və Yer peykinin Cənub qütbünə çatmaqdır. O, “Der Spiegel”ə açıqlamasında qeyd edib ki, bu bölgə Günəş işığının bol olması səbəbindən enerji istehsalı üçün əlverişlidir, lakin ətraf resursların araşdırılması hələ davam edir.
Noyenşvander əlavə edib ki, Avropanın “Ay məqsədlərinə” çatması üçün ABŞ ilə əməkdaşlıq vacibdir. Gözlənilir ki, 2028-ci ildə planlaşdırılan “Artemis-4” missiyasında iki alman astronavt da iştirak edəcək.
ESA bu layihədə NASA ilə əməkdaşlıq edir. Məsələn, son “Artemis-2” missiyasında “Orion” kosmik gəmisində ESA-nın xidmət modulu istifadə olunub və bu modul gəmini oksigen, su və elektriklə təmin edib.
Bununla yanaşı, NASA Ay orbitində planlaşdırılan Gateway stansiyası layihəsindən imtina edib, halbuki ESA bu layihəyə ciddi şəkildə güvənirdi.