Ermənistanda 1 apreldən etibarən icbari avtomobil sığortası sistemində qəza və zərər halları üzrə kompensasiya limitləri artırılacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan Avtomobil Sığortaçıları Bürosunun icraçı direktoru Vaqinak Yeğiazaryan mətbuat konfransında bildirib.
Qərarın əsasını sistemin inkişaf strategiyası təşkil edir və bu addımın məqsədi yol-nəqliyyat hadisələrindən zərər çəkənlərə daha tam və ədalətli ödənişlərin təmin olunmasıdır.
Yeni dəyişikliklərə əsasən əmlak zərəri üzrə (bir nəfər üçün) maksimum kompensasiya limiti 1,8 milyon dramdan 2,5 milyon drama (təxminən 11 260 manat) yüksəldilir
Həyat və sağlamlığa dəyən zərər üzrə limit 3,3 milyon dramdan 3,5 milyon drama (təxminən 15 764 manat) çatdırılır
Bundan əlavə, bir hadisə üzrə bütün zərərçəkənlər üçün ümumi ödəniş limitləri də artırılır:
Əmlak zərəri üzrə: 18 milyon dramdan 25 milyon drama (təxminən 112 595 manat)
Sağlamlığa dəyən zərər üzrə: 33 milyon dramdan 35 milyon drama (təxminən 157 633 manat)
Yeğiazaryanın sözlərinə görə, mövcud limitlər bir çox hallarda real zərəri tam qarşılamırdı və vətəndaşlar əlavə xərcləri özləri ödəməli olurdu. Yeni limitlər bu yükü azaltmağa və kompensasiyanın həcmini artırmağa imkan verəcək.
O qeyd edib ki, hazırda ümumi zərərin təxminən 94%-i ödənilir və limitlərin artırılması bu göstəricini daha da yaxşılaşdıracaq, baxmayaraq ki, bütün zərərlərin 100% ödənilməsi hələ mümkün deyil.