Sloveniyanın baş nazirinin müavini Matey Arkon bildirib ki, ölkə 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Arkonun sözlərinə görə, bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi əsasında irəli sürülüb. O əlavə edib ki, qanunun hazırlanmasında təhsil və rəqəmsal texnologiyalar üzrə mütəxəssislər də iştirak edəcək və məqsəd uşaqların və yeniyetmələrin qorunmasıdır.
“Son həftələrdə və aylarda bu mövzu bütün dünyada və Avropada fəal müzakirə olunur. Biz də hökumət olaraq bununla uşaqlarımıza qayğı göstərdiyimizi nümayiş etdiririk,” – deyə Arkon hökumət iclasından sonra bildirib.
Rəsmi şəxs qeyd edib ki, hökumət "TikTok", "Snapchat" və "Instagram" kimi platformaları da əhatə edən sosial şəbəkələrin fəaliyyətini tənzimləmək niyyətindədir.
"Reuters"in yazdığına görə, təxminən 2 milyon əhalisi olan Sloveniya, bu həftə oxşar təkliflərlə çıxış etmiş İspaniya və Yunanıstanın nümunəsini izləyir.
Belə ki, İspaniya 16 yaşdan, Yunanıstan isə 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrin qadağan olunmasını planlaşdırır.
Bundan əlavə, Böyük Britaniya və Fransa da sosial şəbəkələrlə bağlı tədbirlərin sərtləşdirilməsi imkanlarını nəzərdən keçirir.