Post-sovet ölkələrində alkoqol istehlakı: Azərbaycanda vəziyyət necədir?
04-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Alkoqollu içkilərin istehlakına mədəni, tarixi, iqtisadi və sosial amillər təsir göstərir. Avropa ölkələri mütəmadi olaraq ən çox alkoqol istehlak edən ölkələr sırasında yer alır. Yaxın Şərq və Mərkəzi Asiyanın bəzi ölkələrində isə alkoqollu içkilər demək olar ki, istifadə olunmur. Bu tendensiya post-sovet məkanında da aydın şəkildə müşahidə edilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, keçmiş SSRİ ölkələri arasında 2022-ci ildə adambaşına ən çox alkoqol istehlak edən ölkə Gürcüstan olub. Bu ölkədə illik adambaşına istehlak 15,5 litr təşkil edib ki, bu da dünya üzrə Rumıniyadan sonra ikinci ən yüksək göstəricidir.
Latviya və Moldova da yüksək alkoqol istehlakı ilə seçilir – müvafiq olaraq adambaşına 14,7 və 14,1 litr. Naked Science yazır ki, Rusiya adambaşına 10,5 litr göstərici ilə Estoniya ilə eyni səviyyədə qərarlaşıb. Ukraynada bu göstərici orta hesabla 7,4 litr olub.
Post-sovet məkanında ən az alkoqol istehlakı Tacikistanda qeydə alınıb – adambaşına 0,7 litr. Özbəkistan və Azərbaycan da ən az alkoqol istehlak edən ölkələr sırasında yer alır. Belə ki, ölkəmizdə bu göstərici 2,3 litrə bərabərdir.
Azərbaycan isə post-sovet ölkələri arasında alkoqol istehlakının ən aşağı olduğu ölkələrdən biri kimi seçilir. 2022-ci ildə Azərbaycanda adambaşına alkoqol istehlakı 4,3 litr təşkil edib.
Qeyd edək ki, 2022-ci ildə dünyada alkoqolun orta illik istehlakı 5,8 litr olub. Bu baxımdan post-sovet ölkələrinin əksəriyyəti dünya ortalamasını xeyli üstələdiyi halda, Azərbaycan bu göstəricidən əhəmiyyətli dərəcədə aşağı səviyyədə qərarlaşıb.