Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib
30-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 63 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
"PostMedia" xəbə vei ki, bu barədə qurumun yaydığı məlumatda qeyd edilib.
Ölkədən çıxarılanlar arasında Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları var.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub. Miqrasiya Departamentinin məlumatına görə, cari ildə Gürcüstandan deportasiya edilənlərin ümumi sayı 1 302 nəfər təşkil edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh olan qurumdur. Onun səlahiyyətlərinə Gürcüstanda qanuni əsası olmadan qalan əcnəbilərin aşkar edilməsi və onların deportasiyası daxildir.
Oktyabrın 1-dən "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanuna edilmiş dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər qeyri-qanuni miqrasiya ilə mübarizə mexanizmlərini və ölkə ərazisində miqrasiya nəzarətini gücləndirmək məqsədi daşıyır.
Dəyişikliklər həmçinin İnzibati Xətalar Məcəlləsinə də şamil edilib. Gürcüstanda qanuni qalma müddətlərinin pozulmasına görə hüquqi məsuliyyət sərtləşdirilib və cərimələrin məbləği artırılıb.
Yeni qaydalara əsasən 3 aya qədər artıq qalma: 1 000 lari cərimə və Gürcüstana girişin 6 ay müddətinə qadağan edilməsi, 1 ilə qədər artıq qalma 2 000 lari cərimə və Gürcüstana girişin 2 il müddətinə qadağan edilməsi, 1 ildən artıq qalma 3 000 lari cərimə və Gürcüstana girişin 3 il müddətinə qadağan edilməsi, əcnəbinin ölkədə qanunsuz qalmasına şərait yaradan fiziki və hüquqi şəxslər üçün isə 2 000 lari məbləğində cərimə nəzərdə tutulub.