Elektrik enerjisi və təbii qaz üzrə abonentlər üçün sabit tariflər təsdiqlənib.
“PostMedia”nın məlumatına görə, bu barədə Tarif Şurası rəsmi açıqlama yayıb.
Bildirilib ki, “Elektroenergetika haqqında” qanuna və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsasən, istehlak həcmindən asılı olmayaraq sabit xarakterli xərclərin istehlakçılar arasında ədalətli şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif mexanizmi tətbiq olunub.
Qeyd olunur ki, elektrik enerjisi və təbii qaz təchizatı üzrə aylıq sabit ödənişlərin tətbiqi bir sıra xarici ölkələrdə geniş yayılıb. Beynəlxalq praktikaya əsasən, bu cür ödənişlər istehlakdan asılı olmayaraq şəbəkə infrastrukturunun saxlanılması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm rol oynayır.
Tarif Şurasının qərarına əsasən, elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sistemi ilə enerji alan qeyri-əhali istehlakçıları üçün 1 manat, 3 fazlı təchizat sistemi ilə enerji istehlak edən qeyri-əhali abonentləri üçün isə 3 manat müəyyən edilib. Təbii qaz üzrə aylıq sabit tarif əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üçün 1 manat, sənaye qaz qurğuları vasitəsilə təchiz olunan qeyri-əhali istehlakçıları üçün isə 3 manat səviyyəsində müəyyənləşdirilib.