Aprelin 29-da Ağvəranda keçirilən görüş zamanı Ermənistan və Azərbaycan sərhəd demarkasiya komissiyaları sərhəd demarkasiya işlərinin həyata keçirilməsi qaydalarına dair 3 təlimat layihəsinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.
"PostMedia"nı "Hetq" nəşrinə istinadən verdiyi məluamata görə, tərəflər razılaşıblar ki, bu təlimatların təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət edəcəklər. Yəni Ermənistan və Azərbaycan hökumətləri müvafiq qərarlarla bu təlimatları təsdiqləməlidirlər. Bu barədə “Hetq” yazır.
Xatırladaq ki, 2024-cü il 30 avqustda iki tərəfin komissiyaları öz birgə fəaliyyət qaydalarını imzalayıblar. Sentyabr ayında Ermənistan Konstitusiya Məhkəməsi sənədi konstitusiyaya uyğun hesab edib, parlament isə 23 oktyabrda onu ratifikasiya edib.
Lakin bu razılaşmadan əvvəl, 2024-cü il 19 apreldə tərəflər artıq Tavuş bölgəsi istiqamətində demarkasiyaya başlamışdılar (Baqanis–Baqanis Ayrum, Voskepar–Aşağı Əskipara, Kirants–Xeyrimli və Berqaber–Qızıl Hacılı sahələri). Bu proses bölgə əhalisi arasında ciddi etirazlara səbəb olmuşdu.
Başqa sözlə, demarkasiya prosesi komissiyaların birgə fəaliyyət qaydaları təsdiqlənmədən başlamışdı.
Bundan əlavə, təkcə xəritə üzərində sərhədin dəqiqləşdirilməsi (delimitasiya) deyil, həm də yerində sərhədin çəkilməsi (demarkasiya) həyata keçirilmiş, sərhəd dirəkləri quraşdırılmış və Kirants kəndi yaxınlığında hətta divar tikilmişdir.
Yeni təlimatlara əsasən, sərhəd demarkasiya üzrə ekspert qrupları yaradılacaq. Bu qruplar komissiyalara tabe olacaq və müxtəlif xəritə materialları, hüquqi sənədlər və texniki məlumatlar üzərində işləyəcək.
Onlar həmçinin peyk müşahidələri və pilotsuz uçuş aparatları vasitəsilə məlumatların toplanması və emalı ilə məşğul olacaqlar, geodeziya işləri aparacaqlar və sərhəd xətti boyunca araşdırmalar həyata keçirəcəklər.
Sərhəd xəritəsi 1:25 000 miqyaslı əsas xəritə üzərində hazırlanacaq və bütün sərhəd boyunca 3 km-lik ətraf zonanı əhatə edəcək. Xəritə albomu Azərbaycan, erməni və rus dillərində hazırlanacaq.
2025-ci ilin yanvarında komissiyalar sərhədin şimal hissəsindən (Ermənistan–Azərbaycan–Gürcüstan sərhəd qovşağı) başlayaraq cənuba doğru (Ermənistan–Azərbaycan–İran sərhədinə qədər) demarkasiya aparmaq barədə razılaşıblar.
Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın aparatına görə, 2024 və hazırkı proseslər arasında ziddiyyət yoxdur.