Almaniya hökuməti müdafiə xərclərinin daha geniş artırılması çərçivəsində mülki müdafiənin gücləndirilməsi üçün 10 milyard avro ayırmağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, layihə barədə "Reuters" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə vəziyyətlərə, o cümlədən mümkün hücumlara qarşı daxili hazırlığın yaxşılaşdırılması üçün nəzərdə tutulan büdcə hələ ötən il planlaşdırılmışdı, lakin Nazirlər Kabineti konkret tədbirləri çərşənbə günü təsdiqləməlidir. Bu addımlar Ukraynada davam edən müharibəyə cavab olaraq hərbi xərclərin artımını tamamlamalıdır.
Tədbirlər paketi kütləvi itkilərlə işləmək üçün tibbi infrastrukturun modernləşdirilməsini, təxminən 1000 xüsusi nəqliyyat vasitəsinin, 110 min mobil çarpayının alınmasını, həmçinin sığınacaq sisteminə və əhalinin kütləvi xəbərdarlıq şəbəkələrinə investisiyaları əhatə edir.
2029-cu ilə qədər ayrılacaq vəsaitlər Almaniyada dövlət borclanmasına dair sərt məhdudiyyətlər çərçivəsində müdafiə xərclərinin hesaba alınmamasına imkan verən qaydaya daxil edilir.
“Biz müdafiə qabiliyyətindən danışıb, mülki müdafiəyə lazımi dəstək vermədən investisiya edə bilmərik”, - deyə müdafiə naziri Boris Pistorius bildirib.
Daxili işlər naziri Aleksandr Dobrindt də "Bild" qəzetinə verdiyi müsahibədə mülki müdafiə üçün artıq 10 milyard avro ayrıldığını təsdiqləyib.
Almaniya eyni zamanda ekstremizm təhdidlərinə və “hibrid müharibə” adlanan risklərə qarşı tədbirləri gücləndirir. Buna enerji infrastrukturlarına mümkün hücumlar və dezinformasiya kampaniyaları da daxildir.
2022-ci ildə Ukraynada müharibə başlayandan sonra Almaniya hökuməti mülki sığınacaq sisteminin yenilənməsinə başlayıb. Ölkədə təxminən 579 sığınacaq var və onlar təxminən 480 min insan üçün nəzərdə tutulub. Bu sığınacaqların bir çoxu Soyuq Müharibə dövründən bəri istifadə olunmayıb.