“Ermənistan vətəndaşı Andranik Tevanyanın 2021-ci ildə keçirilmiş parlament seçkilərində “Hayastan” partiyalar blokunu dəstəkləyən siyasi xadim və həmin blokun ümumdövlət seçki siyahısında yer alan deputat olduğu, 2024-cü il ərzində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi müəyyən olunub.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məlumat daxil olub.
Bildirilir ki, o, “Rusiya Qafqaz” geosiyasi mərkəzinin direktoru olan, xarici xüsusi xidmət orqanlarının nümayəndəsinin tapşırığı ilə həmin dövrdə casusluq fəaliyyəti həyata keçirib. Həmçinin qanunsuz yolla dövlət sirri təşkil edən məlumatları toplayaraq xüsusilə külli miqdarda - 622 min ABŞ dolları müqabilində qarşı tərəfə ötürüb.
Söhbət 2024-cü ilin aprelində Ermənistan parlamentinin qapalı, məxfi iclasında keçirilmiş dinləmələrin gedişi və nəticələri ilə bağlı rus dilinə tərcümə edilmiş məlumatlardan gedir. Bununla da o, Ermənistanın suverenliyi, ərazi bütövlüyü və xarici təhlükəsizliyi zərərinə dövlətə xəyanət edib.
Ermənistan MTX-dən daxil olan məlumat əsasında Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı üzrə baş idarəsində dövlətə xəyanət (418-ci maddənin 1-ci hissəsi) və casusluq (424-cü maddənin 1-ci hissəsi) əlamətləri ilə cinayət işi başlanıb”, — deyə İstintaq Komitəsindən bildirilib.