Oktyabr ayında Yerevanda qətlə yetirilən 23 yaşlı çeçen Ayşat Baymuradova Ramzan Kadirovun yaxın qohumu olub.
"PostMedia" xəbər verir ki, bu barədə "Dojd" televiziyasının dekabrın 8-də yayımladığı reportajda qeyd edilir.
İnsan hüquqları müdafiəçisi Svetlana Anoxina bildirib ki, Baymuradovanın nənəsi Çeçenistan lideri Ahmad Kadirovun atasının qohumu olub.
Ayşat uşaqlıqdan zorakılığa məruz qalıb, o cümlədən cinsi zorakılığa. Onun sevgilisi deyib ki, qızına atası və babası tərəfindən təcavüz edilib.
17 yaşında Ayşat güllə atıcılğı üzrə təlimçi Alsolt Təliyev ilə evlənib.
Təliyev Kadirovun hərbi qulluqçularını da təlimləndirib. Baymuradova Çeçenistanda bir uşaq qoyub. Həyat yoldaşı da onu zorla itaət etməyə məcbur etməyə çalışıb. Onun sevgilisinin sözlərinə görə, həyat yoldaşı qızın yeməyinə narkotik qatıb və bu müddət ərzində Ayşat halüsinasiyalardan şikayət edib.
İnsan hüquqları müdafiəçiləri "Dojd"a bildiriblər ki, Ayşatın qaçışı bir il ərzində planlaşdırılıb. Ermənistana çatanda onu heç kim axtarmayıb. Yalnız həyat yoldaşı uşağı aclıqla təhdid edib. Eyni zamanda o, sosial şəbəkələrdə aktiv olub, fotoşəkillər və yerləşdiyi yerin geolokasiyasını paylaşıb, həmçinin Çeçenistan rəhbərliyini tənqid edib.
Baymuradovanın tərəfdarları bildiriblər ki, onunla sonuncu dəfə görüşən Karina İminova qıza qətldən iki ay əvvəl yazıb və ona Avropaya köçməkdə kömək etməyi vəd edib. Ayşat humanitar vizanın alınması üçün Almaniyaya müraciət etsə də, işi yetərli hesab edilməyib. İminova oktyabrın 14-də Yerevana gəlib, Ayşat isə oktyabrın 15-də itib.
Qızın meyiti üç gün sonra Yerevanın mərkəzindəki mənzillərdən birində tapılıb. Şahidlərin sözlərinə görə, mənzil qanla dolu olub və Ayşatın qaçmağa çalışdığına dair əlamətlər var imiş. Onu qapının yaxınlığında, köynəyi yuxarı qalxmış vəziyyətdə tapıblar. "Dojd"a yaxın mənbə bildirir ki, Baymuradova zəhərlənmiş ola bilər.
Şübhəlilərin adları rəsmi olaraq açıqlanmayıb. Qətl yerinə yaxın təhlükəsizlik kameraları Karina İminova və çeçen Said-Xamzat Baysarovu müəyyən edib. "Dojd" xəbər verir ki, Said-Xamzat iş adamı Ruslan Baysarovun qohumudur və Kadirovun “pul kisəsi” ləqəbi ilə tanınır. Qətli törədilən gün Ayşatın sevgilisi başqa bir nömrədən səsli mesajlarla hədələnib. İminovanın İnstagram izləyiciləri arasında Ramzan Kadirovun yaxın adamları da olub.
Ermənistanın istintaq komitəsi və Baş nazir Nikol Paşinyanın ofisi jurnalistlərin istintaqın gedişi ilə bağlı sorğularına cavab verməyib.