“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Express” MMC-nin Gürcüstanda fəaliyyət göstərən “ADY Express Georgia” LLC üçün direktor vəzifəsinə vakansiya elan edilib.
“PostMedia”nın məlumatına görə, vakansiya iş elanları platformalarında yerləşdirilib. Yeni təyin olunacaq rəhbərin əməliyyat yönümlü və sahə üzrə təcrübəli olması arzu edilir. Vəzifənin əsas məqsədi şirkətin gündəlik fəaliyyətlərini effektiv, təhlükəsiz və mövcud qanunvericiliyə uyğun şəkildə idarə etmək, həmçinin Azərbaycan və Gürcüstan arasında dəmir yolu yük daşımalarının optimallaşdırılmasını təmin etməkdir.
Vakansiya üzrə seçiləcək namizəd şirkətin gündəlik əməliyyat proseslərinin idarə olunmasına cavabdeh olacaq, o cümlədən dəmir yolu yüklərinin cəlb edilməsi, daşınması və çatdırılmasının planlaşdırılması və koordinasiyasını həyata keçirəcək. Bundan əlavə, agentliklər, platforma şirkətləri və yükgöndərənlərlə effektiv əməkdaşlığın qurulması, əməliyyat proseslərində yaranan problemlərin operativ həlli, eləcə də mülki-hüquqi müqavilələr, bank əməliyyatları və digər maliyyə-təsərrüfat sənədlərinin düzgün idarə olunmasının təmin edilməsi vəzifə öhdəliklərinə daxildir.
Namizədlərə qoyulan əsas tələblər sırasında dəmir yolu daşımaları və ya logistika sahəsində minimum 5 il rəhbər vəzifədə iş təcrübəsi, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı, MDB ölkələrinin dəmir yolları üzrə beynəlxalq daşımalar, tarif siyasəti və INCOTERMS qaydaları haqqında biliklər, həmçinin ölkədaxili və sərhədboyu dəmir yolu yük daşımalarının təşkili üzrə təcrübə yer alır.
Müraciət etmək istəyənlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.