Gürcüstanda əcnəbilərin iş fəaliyyətinə qoyulan məhdudiyyətlər ölkə iqtisadiyyatının və vətəndaşların maraqlarının qorunmasına xidmət edəcək. "PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, 2026-cı il martın 1-dən etibarən Gürcüstanda çalışan xarici vətəndaşlara xüsusi iş icazəsi tələb olunacaq, həmçinin bir sıra peşələr üzrə onların fəaliyyəti məhdudlaşdırılacaq.
“Martın 1-dən etibarən Gürcüstanda əcnəbilərin əmək fəaliyyəti qanunla əhəmiyyətli dərəcədə məhdudlaşdırılır. Bu, həm iqtisadiyyatımızın, həm də vətəndaşlarımızın maraqlarını lazımi şəkildə qorumağa imkan verəcək. Hökumət bu qanunun effektiv icrasına görə tam məsuliyyət daşıyır”, – deyə Kobaxidze vurğulayıb.
Baş nazir qeyd edib ki, Gürcüstanın öz milli prioritetləri var və hökumət bu istiqamətdə qətiyyətlə hərəkət edəcək.
“Gürcüstanın milli və dini kimliyinin qorunması və saxlanılması əsas milli vəzifələrimizdən biridir. Bu məqsədlə hökumət bütün zəruri addımları atacaq”, – deyə o bildirib.
