6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Barselona 112 ilin temperatur rekordunu yeniləyib

08-iyul-2026, 21:49
Barselona 112 ilin temperatur rekordunu yeniləyib
Yazı Ölçüsü:

İspaniyada davam edən güclü istilər fonunda Barselonada hava temperaturu 40,5 dərəcəyə çataraq son 112 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.

"PostMedia" xəbər verir ki, bu barədə AFP agentliyi ölkənin meteoroloji xidmətlərinə istinadən məlumat yayıb.

İlkin göstəricilər Barselonanın qərbində yerləşən Fabra Rəsədxanasının meteoroloji stansiyasında qeydə alınıb. Bununla da şəhərdə əvvəlki rekord – 2024-cü il iyulun 30-da qeydə alınmış 40 dərəcə göstəricisi geridə qalıb.

Barselonanın El Prat hava limanında isə temperatur 37,7 dərəcə olub. İspaniyanın Milli Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, bu da 1924-cü ildən aparılan müşahidələr tarixində həmin stansiya üçün ən yüksək göstəricidir.

AEMET nümayəndəsi Xose Anxel Nunyes Barselonada müşahidələr tarixinin ən isti gününün yaşandığını təsdiqləyib. Onun sözlərinə görə, adətən Aralıq dənizinin yaxınlığı şəhərdə havanı nisbətən sərin saxlayır, lakin bu dəfə temperatur rekord həddə yüksəlib.

Bazar günündən etibarən İspaniyanı təsiri altına alan isti hava dalğasının cümə axşamınadək davam edəcəyi gözlənilir. Həftə ərzində ölkənin bəzi bölgələrində temperatur 44 dərəcəni də ötüb.

Çərşənbə günü AEMET Kataloniya və Valensiyanın bəzi rayonlarında yüksək temperatur səbəbindən ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edib. Ölkənin mərkəzi, cənubu və şimal-şərqinin, o cümlədən Barselonanın böyük hissəsində isə narıncı xəbərdarlıq qüvvədə olub.

Alimlər bildirirlər ki, insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi ekstremal hava hadisələrinin, o cümlədən anomal istilərin intensivliyinin, davametmə müddətinin və başvermə tezliyinin artmasına səbəb olur.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031