"Azərbaycanla münasibətlərimizi uğurla, sabit və praqmatik şəkildə inkişaf etdiririk".
"PostMedia" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin nümayəndələri ilə göüşdüyü zaman Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevin suallarını cavablandırarkən deyib.
"Bilirsiniz, biz Azərbaycan rəhbərliyinin ölkələrimiz arasında münasibətləri qarşılıqlı maraqlar əsasında qurmağa nə qədər sadiq olduğunu hiss edirik, hətta deyərdim ki, müəyyən qarşılıqlı simpatiya əsasında. Başqa necə izah etmək olar ki, Azərbaycanda şagirdlərin rus dilində təhsil ala bildiyi 300 rusdilli məktəb var? Mən bilirəm ki, Prezident Əliyev ölkəsində rus dilinin öyrənilməsinin təşviqində fəal rol oynayır. Bu münasibət bütün sahələrdə görünür.
Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan rəhbərliyi rus dilinin Azərbaycan xalqı üçün əhəmiyyətini anlayır. Niyə? Çünki bu, ikitərəfli əlaqələrimizi inkişaf etdirməyə imkan verir. Və bu əlaqələr həqiqətən inkişaf edir.
Bir daha təkrar edim – və yenə dollar rəqəmi işlədəcəyəm – ümumi ticarət dövriyyəmiz təxminən 4,5–4,6 milyard dollardır və bu göstərici kifayət qədər yaxşı artır, dinamika qazanır.
Münasibətlərimiz getdikcə daha da şaxələnir. Əminəm ki, tərəflər bu yolla davam etsələr və Rusiya bu məqsədə sadiq qalsa, biz ciddi nəticələr əldə edəcəyik.
Bu baxımdan logistika sahəsində görüləcək çox iş var. Siz tamamilə haqlısınız. Söhbət təkcə Şimal-Cənub dəhlizinin inkişafından getmir. Həmçinin logistika mərkəzlərinin yaradılması imkanları var, o cümlədən Rusiya-Azərbaycan sərhədində, Dağıstanda. Bu istiqamətdə iş artıq gedir. Birgə işləyə biləcəyimiz başqa məsələlər də var. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur, o cümlədən pulsuz təhsil alanlar da. Görürük ki, gənclər Rusiyada oxumağa çox maraq göstərirlər.
Şimal-Cənub layihəsi dəyərli beynəlxalq dəhlizə çevrilə bilər və bu dəhliz Sankt-Peterburq limanından – hazırda bizim olduğumuz şəhərdən – Avropa boyunca Azərbaycana, İrana və daha sonra Fars körfəzinə qədər yük daşımalarını təmin edə bilər. Bu marşrut üzrə çatdırılma vaxtı Süveyş kanalından keçən marşrutla müqayisədə təxminən 10 gün daha qısa olmalıdır.
Sözsüz ki, Süveyş kanalı qlobal ticarətdə mühüm rol oynayır. Amma Şimal-Cənub dəhlizi şimaldan cənuba və əks istiqamətdə malların daşınması üçün əlavə və yüksək səmərəli marşrut təqdim edəcək, nəticədə 10 gün vaxt qənaəti əldə olunacaq. Vaxt baxımından 10 gün çox böyük fərqdir və bu, dəhlizi məqsədəuyğun və yüksək effektiv edir.
Bununla belə, burada hələ görüləsi çox iş var. Biz sərhədin hər iki tərəfində işləyirik. Bilirəm ki, Prezident Əliyev bu layihəni dəstəkləyir, çünki biz bunu dəfələrlə müzakirə etmişik. İran rəhbərliyi də onu dəstəkləyir. Bundan əlavə, böyük iqtisadi potensialına görə həm regional, həm də regiondan kənar ölkələrin investorları maraq göstərirlər. Ərəb suveren fondları da maraq ifadə edib, bu da başadüşüləndir, çünki onlar həmişə aşağı riskli investisiya imkanları axtarırlar. Bu layihə, şübhəsiz ki, yaxşı investisiyadır və gəlirliliyi təmin olunub.
Əlavə baxılmalı bəzi məsələlər var. Məsələn, hansı ərazilərdən istifadə olunacağını, o cümlədən Azərbaycanın daxilində hansı istiqamətlərin seçiləcəyini və tikintinin necə maliyyələşdiriləcəyini müəyyən etməliyik. Bu, kredit hesabına olacaq, yoxsa Rusiya birbaşa maliyyələşdirmə təmin edəcək? Bundan başqa, Azərbaycandan qərb istiqamətində uzanacaq qol xətlərinin necə inteqrasiya olunacağını da nəzərdən keçirməliyik.
Həmçinin iranlı tərəfdaşlarımız və dostlarımızla detalları dəqiqləşdirməliyik: hansı tip dəmir yolu tikəcəyik? Standart rels olacaq, yoxsa İrandakı kimi darölçülü rels?
Ancaq ən vacib məqam odur ki, bütün tərəflər bu planı həyata keçirməyə sadiqdirlər. Biz direksiya yaratmışıq və VTB fəal iştirak edir. Heç bir şübhəm yoxdur ki, biz uğur qazanacağıq. Vaxt qrafiki və xərclərlə bağlı bir neçə sual hələ qalır, amma onlar da demək olar ki, yekunlaşıb. Bu, birlikdə həyata keçirdiyimiz böyük layihədir, baxmayaraq ki, yeganə layihə deyil. Bundan əlavə, Azərbaycan Xəzəryanı dövlətdir və Xəzər Beşliyinin üzvüdür, bizim çoxlu ortaq maraqlarımız var, o cümlədən ekoloji məsələlər sahəsində" - deyə əlav
edib.