6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası sənədləri üzrə təlimatlar müzakirəyə təqdim edilib

19-may-2026
Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası sənədləri üzrə təlimatlar müzakirəyə təqdim edilib
Yazı Ölçüsü:

Ermənistan Ədliyyə Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin tərtibi və nəşri qaydası haqqında, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması qaydası haqqında, dövlət sərhədinin delimitasiyası zamanı ekspert qruplarının iş qaydası haqqında təlimatların təsdiq edilməsi barədə” layihəni ictimai müzakirəyə təqdim edib.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Respublikasının baş nazirinin 24 may 2022-ci il tarixli 570A nömrəli qərarı ilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fərdi tərkibi təsdiqlənib. Komissiyanın məqsədi Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya proseslərinin təmin edilməsi, həmçinin sərhəd təhlükəsizliyi məsələlərinin həllidir.

2024-cü il avqustun 30-da Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyasını həyata keçirmək məqsədilə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında” əsasnamə imzalanıb.

Əsasnaməyə uyğun olaraq, iki dövlətin komissiyalarının birgə normal fəaliyyətini təmin etmək məqsədilə sahəvi işlərin həyata keçirilməsi üzrə təlimatların qəbul edilməsi nəzərdə tutulur.

Layihə ilə hökumət qərarı əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası sənədlərinin tərtibi və nəşri qaydası haqqında təlimatın, dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması qaydası haqqında təlimatın, həmçinin delimitasiya zamanı ekspert qruplarının iş qaydası haqqında təlimatın təsdiq edilməsi təklif olunur.

Nazirliyin məlumatına görə, layihənin qəbulu komissiyaların işinin təşkilinə dair hüquqi əsasların möhkəmləndirilməsi baxımından mühüm addım olacaq və komissiyalar gələcək fəaliyyətlərini məhz bu əsas üzərində quracaqlar.

Təlimatların qəbulundan sonra hər iki ölkənin delimitasiya komissiyalarına birgə fəaliyyəti razılaşdırılmış prosedur əsasında davam etdirmək və delimitasiya prosesində sahəvi işlərin icra mexanizmlərini müəyyənləşdirmək imkanı veriləcək.

Layihənin qəbulundan sonra dövlət büdcəsinin gəlir və xərclərində dəyişiklik nəzərdə tutulmur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031