İtaliyanın kurort bölgələri hələ yay mövsümünün pik dövrü başlamamış turistlərlə həddindən artıq yüklənib. Məşhur şəhərlərin küçələri istirahətçilərin axını səbəbilə faktiki olaraq iflic olub, yerli sakinlər isə normal hərəkət edə bilmədiklərini və hətta evlərindən çıxmaqda çətinlik çəkdiklərini bildirirlər.
"PostMedia" xəbər verir ki, sosial şəbəkələrdə Positano, Cinque Terre və Romadan yayılan görüntülər sürətlə yayılır. Videolarda turist axınının dar küçələri, pilləkənləri, ictimai nəqliyyat dayanacaqlarını və əsas turistik məkanları doldurduğu görünür.
Ən ağır vəziyyət Amalfi sahilində yerləşən Positanoda müşahidə olunur. Kadrlarda yüzlərlə insanın dar keçidlərdə yavaş-yavaş hərəkət etdiyi, tez-tez dayanaraq dəniz mənzərəsi və rəngli evləri çəkdiyi görünür.
Yerli mağaza və restoranlar da izdihamdan zərər görür — girişlər turistlər tərəfindən tamamilə bağlanır.
Nocera Inferiore şəhərindən olan sakin Antonio Attianese region rəhbərliyini tənqid edib:
“Amalfi bələdiyyə rəhbərlərinə bu xaos xoş gəlir, əks halda çoxdan tədbir görərdilər. Bu illərdir davam edir və vəziyyət daha da pisləşir.”
Oxşar vəziyyət İtaliya Rivierasındakı Cinque Terre bölgəsində də yaşanır. Turistlər kütləvi şəkildə avtobus və qatarlara hücum edir, baxış nöqtələrində uzun növbələr yaradırlar.
Romada sosial media istifadəçiləri vəziyyəti artıq “həqiqi cəhənnəm” kimi təsvir edirlər. Videolarda Kolizey və digər məşhur məkanların qarşısında kilometrlərlə uzanan növbələr görünür.
Yerli sakinlərin əsas problemlərindən biri “mordi e fuggi” (“yeyib-getmək”) turizmidir — birgünlük səfərlər zamanı turistlərin bölgədə demək olar ki, pul xərcləməməsi, amma infrastruktura böyük yük yaratması.
Positanonun keçmiş meri Salvatore Galiano vəziyyəti “üçüncü dünya mənzərələri” ilə müqayisə edib. Onun sözlərinə görə, əsas problem dar yollar və xüsusilə kruiz gəmiləri ilə gələn turist axınının nəzarətsizliyidir. “Biz bu qədər insan axını ilə sadəcə baş edə bilmirik. Amalfi sahilinin gözəlliyi zədələnir”, — deyə o bildirib.
Positano uzun illərdir ki, dünya məşhurlarının sevimli istirahət məkanlarından biridir - Kili Cenner, Beyons, Cey Zed, Rise Vayzerspun və Mayk Yaqqer kimi adlar burada istirahət edib.
Ən məşhur yerlər arasında "Le Sirenuse oteli və Da Adolfo" çimərlik restoranı da var.
“Overturizm” problemi hazırda Avropanın bir çox şəhərlərinə təsir edir. Barselonada yerli sakinlər turist axını və Airbnb səbəbilə kirayə qiymətlərinin artmasına qarşı etirazlar keçirirlər. 2024-cü ildə bəzi etirazlarda turistlərə su tapançaları ilə su da atılıb.
Bənzər problemlər Venesiya və Dubrovnikdə də müşahidə olunur. “Game of Thrones” serialından sonra turist axını kəskin artıb və yerli həyat daha da bahalaşıb.