ABŞ Gürcüstan vətəndaşları üçün biznes və turizm vizalarının alınması qaydalarını dəyişib.
"PostMedia" ABŞ Dövlət Departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, Gürcüstan və daha 11 ölkə vətəndaşları müəyyən qısamüddətli vizalar üçün depozit (girov) ödəməli olacaq.
Məlumata əsasən, bu qərar 2 aprel tarixindən qüvvəyə minəcək və əsasən B1 (biznes) və B2 (turizm və tibbi müalicə) vizalarına şamil olunacaq. Yeni qaydalara görə, müraciət edən şəxslər 5 min, 10 min və ya 15 min dollar məbləğində depozit təqdim etməlidirlər. Məbləğ konkret vəziyyətə və müraciətə baxan konsul əməkdaşının qərarına əsasən müəyyən ediləcək.
Qeyd olunur ki, depozit yalnız viza şərtlərinə əməl edən yəni ABŞ-də qalma müddətini aşmadan ölkəyə qayıdanlara və ya ümumiyyətlə səfər etməyən şəxslərə geri qaytarılacaq.
Bu proqramın əsas məqsədi ABŞ-də qalma müddətini pozan və qeyri-qanuni şəkildə ölkədə qalan şəxslərin sayını azaltmaqdır. Məlumata görə, bu təşəbbüs Donald Tramp administrasiyası tərəfindən qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədilə tətbiq edilib.
ABŞ Dövlət Departamenti bildirib ki, apreldən etibarən bu tələb tətbiq olunan ölkələrin sayı 50-yə çatacaq. Eyni zamanda vurğulanır ki, depozit ödənilməsi vizanın verilməsi üçün zəmanət sayılmır.
Xatırladaq ki, 2026-cı ilin 21 yanvarından etibarən ABŞ Gürcüstan da daxil olmaqla bir sıra ölkələrin vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini müvəqqəti dayandırıb.
Hazırda Gürcüstan ilə ABŞ arasında münasibətlər formal xarakter daşıyır. Əvvəlki dövrdə – Co Bayden administrasiyası zamanı – iki ölkə arasında 2009-cu ildən qüvvədə olan strateji tərəfdaşlıq dayandırılmış və bir sıra gürcü rəsmilərə sanksiyalar tətbiq edilmişdi.
Sonrakı dövrdə Gürcüstan hökuməti münasibətlərin yenidən qurulması və yeni strateji tərəfdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etsə də, bu məsələyə hələlik konkret cavab verilməyib.