6°C Bakı
1$ = 1.70₼
HiTech

Pentaqon: Ukrayna Rusiya ordusunun "Starlink" bağlantısı kəsildikdən sonra təxminən 400 kvadrat kilometr ərazini geri alıb

22-may-2026
Pentaqon: Ukrayna Rusiya ordusunun "Starlink" bağlantısı kəsildikdən sonra təxminən 400 kvadrat kilometr ərazini geri alıb
Yazı Ölçüsü:

Ukrayna Silahlı Qüvvələri bu ilin əvvəlində həyata keçirdiyi hücum zamanı təxminən 400 kvadrat kilometr ərazini azad edib.

"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatına istinadən yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, Rusiya ordusu üçün "Starlink" peyk internet terminallarının söndürülməsindən sonra baş verib. Sənəddə qeyd olunur ki, Ukrayna qüvvələri ilk dəfə 2023-cü ildən bəri əraziləri geri ala bilib. Buna səbəb rus hərbçilərinin “müvəqqəti, lakin ciddi şəkildə zəifləməsi” olub.

Rusiya ordusu "Starlink" terminallarından hərəkətlərin koordinasiyası və pilotsuz aparatların idarə olunması üçün istifadə edirdi. Bundan başqa, Kremlin döyüş meydanında rabitə vasitəsi kimi istifadə olunan "Telegram" messencerini bloklamaq qərarı da rus qoşunları üçün əlavə zərbə olub. Bununla belə, kəşfiyyat hesabatında qeyd edilir ki, mart ayına olan məlumata görə, Rusiya “döyüş əməliyyatlarının aparılması funksiyalarının əksəriyyəti” üzrə cəbhədə ümumi üstünlüyünü qoruyub saxlaya bilib.

Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib ki, Starlink-in itirilməsi Rusiya ordusu üçün “fəlakət” olub, çünki “qoşunların idarə olunması dağılıb, bir çox istiqamətdə hücum əməliyyatları dayanıb”.

Rusiya bölmələrində Starlink terminalları qeyri-qanuni şəkildə istifadə olunurdu və digər ölkələr vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirilirdi. Onları sazlamaq mümkün idi, çünki formal olaraq Ukrayna ərazisində yerləşdikləri göstərilirdi. ABŞ Müdafiə Nazirliyi hələ Co Bayden administrasiyası dövründə İlon Maska məxsus SpaceX şirkəti ilə rus qoşunlarında terminalların söndürülməsi məsələsini müzakirə etməyə başlamışdı. 2026-cı ilin əvvəlində Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorov SpaceX-dən Rusiya terminallarını söndürməyi xahiş edib. Bunların sırasında Ukraynada qeydiyyatdan keçməyən bütün cihazlar da olub.

Peyk internetinin itirilməsindən sonra Rusiya ordusunun irəliləyişi kəskin şəkildə zəifləyib. Yanvarda onlar 245 kvadrat kilometr ərazi ələ keçirə bilmişdilərsə, fevral, mart və aprel aylarında hücum tempi ayda 120–160 kvadrat kilometrə düşüb. Ukraynanın DeepState monitorinq kanalının məlumatına görə, mayın ilk 11 günündə Rusiya qoşunları Ukrayna ərazisinin cəmi 29 kvadrat kilometrini işğal edib.

Hazırda Ukrayna ərazisinin 1 kvadrat kilometrini işğal etmək üçün Rusiya qoşunlarına orta hesabla 36 hücum həyata keçirmək lazım gəlir. Bu fonda Rusiya Müdafiə Nazirliyi cəbhədə mövcud olmayan uğurlar və hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan yaşayış məntəqələrinin “azad edilməsi” barədə məlumatlar yayır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031