6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"OPEC+" ölkələri neft hasilatını ardıcıl beşinci ay artırmaq barədə razılığa gəliblər

07-iyul-2026, 15:05
"OPEC+" ölkələri neft hasilatını ardıcıl beşinci ay artırmaq barədə razılığa gəliblər
Yazı Ölçüsü:

"OPEC+" alyansı bazar günü neft hasilatı kvotalarının ardıcıl beşinci dəfə artırılması barədə razılığa gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.

Məlumata görə, avqust ayında neft hasilatı üzrə hədəf göstərici iyun və iyul aylarında olduğu kimi gündəlik 188 min barel artırılacaq. Bu qərar Hörmüz boğazının tədricən tam fəaliyyətə qayıtması fonunda qiymətlərin enməsi dövründə bazarda neft təklifini artıracaq.

Avqust ayı üçün Rusiyanın hasilat kvotası sutkada 9,887 milyon barel müəyyən edilib. Halbuki OPEC-in məlumatına əsasən, may ayında Rusiyanın gündəlik neft hasilatı, o cümlədən infrastruktur obyektlərinə hücumlar səbəbindən, cəmi 9 milyon bareli bir qədər keçmişdi.

OPEC+ bəyanatında bildirilir ki, yeddi ölkə, o cümlədən Rusiya və Səudiyyə Ərəbistanı bazardakı vəziyyəti diqqətlə izləməyə və qiymətləndirməyə davam edəcək, məqsəd isə bazarın sabitliyini qorumaqdır.

İştirakçılar hasilatın artırılması, müvəqqəti dayandırılması və ya könüllü ixtisarların mərhələli şəkildə ləğvi ilə bağlı qərarlarda ehtiyatlı yanaşmanın və tam çevikliyin qorunmasının vacibliyini bir daha vurğulayıblar. Buraya 2023-cü ilin noyabrında elan edilmiş könüllü hasilat ixtisarları ilə bağlı qərarların yenidən nəzərdən keçirilməsi də daxildir.

"Yeddilik"in növbəti iclası avqustun 2-də keçiriləcək.

ABŞ və İsrailin İrana qarşı müharibəsi alyansın əsas iştirakçılarında neft hasilatının kəskin azalmasına səbəb olub. OPEC-in məlumatına görə, may ayında OPEC+ ölkələrinin ümumi hasilatı fevraldakı sutkalıq 42,77 milyon bareldən 33,13 milyon barelə enib.

Bununla belə, neftin qiyməti yenidən müharibədən əvvəlki səviyyəyə – bir barel üçün təxminən 72 dollara qayıdıb. Buna Çinin neft idxalını azaltması, Yaxın Şərqdən kənar ölkələrin ixracı artırması, Beynəlxalq Enerji Agentliyinin (IEA) koordinasiyası ilə strateji neft ehtiyatlarının rekord həcmdə bazara buraxılması, eləcə də ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı qarşılıqlı anlaşma memorandumu nəticəsində xammal çatışmazlığı ilə bağlı narahatlıqların azalması təsir göstərib.

Xatırladaq ki, bu ilin əvvəlində neftin qiyməti bir barel üçün 120 dollaradək yüksəlmişdi.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031