6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

"Bentley" ilk elektromobili olan dəbdəbəli "Torcal" krossoverini təqdim etməyə hazırlaşır

08-iyul-2026, 07:24
"Bentley" ilk elektromobili olan dəbdəbəli "Torcal" krossoverini təqdim etməyə hazırlaşır
Yazı Ölçüsü:
"Bentley" şirkəti tarixində ilk tam elektrik avtomobili olan dəbdəbəli "Bentley" "Torcal" krossoverini təqdim etməyə hazırlaşır. Yeni model Britaniya markasının inkişafında yeni mərhələ olacaq. Avtomobilin dünya premyerası sentyabrın 23-də Londonda keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə "Autocar" məlumat yayıb.
Yeni model ötən il təqdim olunan "Bentley EXP 15" konseptinin seriya versiyası olacaq. Məhz "Torcal" gələcək bütün Bentley modellərinin yeni korporativ dizayn üslubunun əsasını qoyacaq.
Avtomobilin adı İspaniyanın cənubundakı məşhur "El Torcal de Antequera" təbiət parkına istinad edir. Eyni zamanda, ad latınca "torquere" (“fırlatmaq”) sözündən yaranan və ingiliscədə “fırlanma anı” mənasını verən "torque" termini ilə də əlaqələndirilir.
Təxminən 5 metr uzunluğunda olan yeni krossover model sıralamasında "Bentley Bentayga"dan aşağı mövqe tutacaq, lakin onu əvəz etməyəcək. Benzin mühərrikli "Bentayga" satışda qalacaq və 2028-ci ildə daxiliyanma mühərrikli yeni nəsil versiyasını alacaq. Beləliklə, "Bentley" müxtəlif güc aqreqatlarına malik avtomobillər istehsal etməyə davam edəcək.
"Torcal"ın xarici görünüşü markanın hazırkı modellərindən xeyli fərqlənəcək. Avtomobil işıqlandırılan radiator barmaqlığı, şaquli LED faralar və kuzovun arxa hissəsində XX əsrin ilk yarısının klassik "Bentley" modellərinin baqaj dizaynından ilhamlanan orijinal dekorativ elementlə təchiz olunacaq.
Əslində "Torcal" bazara bir il əvvəl çıxmalı idi. Lakin bahalı elektromobillərə tələbatın azalması səbəbindən təqdimat təxirə salındı. Nəticədə "Bentley" 2030-cu ilə qədər model sırasını tam elektrikli avtomobillərə keçirmək planından da imtina etdi. İndi şirkət 2035-ci ilədək hər il yeni elektromobil və ya plug-in hibrid model təqdim etməyi planlaşdırır.
Gözlənilir ki, "Torcal"ın qiyməti təxminən 170 min funt sterlinq olacaq. Onun əsas rəqibi yaxın zamanda debüt etməsi gözlənilən "Range Rover Electric" olacaq.
Yeni modelin bir enerji doldurması ilə qət etdiyi məsafə 300 mildən (təxminən 480 kilometrdən) çox olacaq. Bentley-in dizayn direktoru Robin Peyc bildirib ki, şirkət qəsdən maksimum yürüş rekordu qırmağa çalışmayıb.
“Müştərilərimiz deyirlər ki, optimal yürüş məsafəsi təxminən 300–350 mildir. Daha uzağa getmək lazım gəlsə, onlar şəxsi təyyarədən istifadə edəcəklər”, – deyə dizayner bildirib.
Texniki baxımdan "Torcal" "Porsche Cayenne Electric" modeli ilə sıx əlaqəli olacaq. Gözlənilir ki, avtomobil 113 kVt·saat tutumlu batareya və 390 kVt gücündə ultra sürətli enerji doldurma sisteminə sahib olacaq. Bu texnologiya batareyanın enerji səviyyəsini 10%-dən 80%-ə 16 dəqiqədən az müddətdə çatdırmağa imkan verəcək.
Krossoverin bütün versiyalarının iki elektrik mühərriki ilə təchiz ediləcəyi gözlənilir. "Bentley" hələlik güc göstəricilərini açıqlamayıb. Ekspertlər təxminən 650 at gücü hasil edən sistemin ən real variant olduğunu düşünürlər. Bu göstərici dəbdəbəli qran-turizm avtomobilinin xarakterinə yüksək performanslı idman modellərinin ekstremal gücündən daha uyğun hesab edilir.
"İnteryer Bentley"ə xas dəbdəbəni qoruyacaq, lakin tam rəqəmsal olmayacaq. Yeni 14,25 düymlük mərkəzi ekranla yanaşı, salonda çoxsaylı ənənəvi fiziki düymələr və metal idarəetmə elementləri saxlanılacaq. Şirkət hesab edir ki, premium avtomobil alıcıları mexaniki idarəetmə elementlərinin tamamilə ləğv edilməsindən artıq yorulmağa başlayıblar.
Hələ açıq qalan məsələlərdən biri isə markanın ilk elektromobilinin səsidir. "Bentley" rəhbərliyi bildirib ki, markaya xas “özünəməxsus səs” həmişə brendin ayrılmaz hissəsi olub. Buna görə də mühəndislər benzin mühərrikinin səsini süni şəkildə təqlid etmədən avtomobilin emosional təsirini qorumağın yollarını axtarırlar.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031