Süni intellekt bəşəriyyəti “bolluq dövrü”nə aparacaq, yoxsa rəqəmsal fəlakət gözlənilir?
Bir məsələ artıq demək olar ki, mübahisə doğurmur: “süni intellekt” adlı qatarı dayandırmaq mümkün deyil. Dünyanın müxtəlif yerlərində nəhəng məlumat mərkəzləri tikilir, avtomatlaşdırma tədricən iş yerlərini əvəz edir, dövlətlər isə güclü süni intellekti (AGI) ilk yaradan olmaq uğrunda yarışa qoşulublar.
Hazırda əsas müzakirə mövzusu qarşıdakı iqtisadi dəyişikliklərin nə qədər sürətli və dərin olacağı, hansı peşələrin yox olacağı və bunun bəşəriyyət üçün müsbət, yoxsa mənfi nəticələr doğuracağıdır.
“Gələcək keçmişdən tamamilə fərqli olacaq. Qarşıdakı dəyişikliklərin miqyasını təsvir edə biləcək heç bir müqayisə yoxdur”, – deyə İlon Mask bildirib.
"PostMedia" xəbər verir ki, "The Economist" jurnalına verdiyi müsahibədə dünyanın ilk trilyonçusu hesab edilən Mask süni intellektin gələcəyi ilə bağlı nikbin proqnozlarını bölüşüb.
Onun fikrincə, cəmi bir neçə ildən sonra süni intellekt insan zəkasını üstələyəcək, dünyada 1 milyarda qədər humanoid robot fəaliyyət göstərəcək və süni intellektin yaratdığı “bolluq dövrü” pul yığımını mənasız edəcək.
“Əslində insan olmaq qabiliyyəti istisna olmaqla, süni intellektin insandan daha yaxşı bacarmayacağı heç nə qalmayacaq”, – deyə Mask bildirib.
Onun sözlərinə görə, təxminən beş ildən sonra süni intellekt bütün bəşəriyyətin ümumi intellektindən daha üstün olacaq.
“Ən real ssenari inanılmaz bolluq dövrüdür. Hər kəs istədiyi hər şeyi əldə edə biləcək. Bu, qəribə səslənə bilər. Əlbəttə, qlobal nüvə müharibəsi kimi hadisələr bu yolu dəyişə bilər. Amma Üçüncü dünya müharibəsi baş verməsə, bizi möhtəşəm bolluq dövrü gözləyir”, – deyə o bildirib.
Tesla şirkətinin hazırladığı Optimus humanoid robotuna istinad edən Mask hesab edir ki, yaxın beş il ərzində dünyada ən azı 100 milyon, hətta 1 milyard humanoid robot meydana çıxa və fiziki əməyin böyük hissəsini əvəz edə bilər.
“İqtisadiyyatın həcmi beş-altı il ərzində təxminən iki dəfə artacaq. Çünki iqtisadi məhsuldarlıq misli görünməmiş sürətlə yüksələcək”, – deyə o, daha əvvəl Forbes-a müsahibəsində bildirib.
Mask bundan əvvəl pensiya üçün pul yığmağın gələcəkdə mənasını itirəcəyini də söyləmişdi.
“10-20 il sonrakı pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq. Əgər danışdıqlarımızın heç olmasa bir hissəsi gerçəkləşsə, yığımların heç bir mənası olmayacaq”, – deyə o bildirib.
Maskın fikirlərini bölüşən bəzi ekspertlər hesab edirlər ki, gələcəkdə insanlar üçün müxtəlif formalarda universal baza gəliri tətbiq oluna bilər.
Lakin hər kəs bu optimist ssenarini bölüşmür.
Enerji üzrə tədqiqatçı doktor Kris Martenson süni intellekt yarışını Bibliyadakı Babil qülləsi əhvalatına bənzədib və bunu insan təkəbbürünün növbəti təzahürü adlandırıb.
“Tarix təkrarlanır. Mən hesab edirəm ki, süni intellekt bizim Babil qülləmizdir. Biz özümüzü Tanrı ilə eyni səviyyəyə qaldırmağa çalışırıq. Amma bu cür təkəbbür həmişə insanın əleyhinə işləyib”, – deyə o bildirib.
Avstraliyalı futurist, Perceptive Machines kitabının müəllifi professor Rokki Skopelliti daha nikbin mövqe tutur. Onun fikrincə, əsas məsələ süni intellekt deyil, gələcək iqtisadi sistemin necə qurulacağıdır.
“Əmək bazarının gələcəyi artıq işçi qüvvəsinin problemi deyil. Bu, idarəetmə və tənzimləmə məsələsinə çevrilir”, – deyə professor bildirib.
Onun sözlərinə görə, gələcəyin əsas sualı “Süni intellekt insanları əvəz edəcəkmi?” deyil.
“Əsas sual budur: robotlara, məlumatlara və süni intellektə kim sahib olacaq? Əvvəlki sənaye inqilabları insanların necə işlədiyini dəyişdi. Süni intellekt isə insanların nə üçün işlədiyini dəyişə bilər”, – deyə Skopelliti vurğulayıb.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünyada iş yerlərinin təxminən 40 faizi, inkişaf etmiş ölkələrdə isə 60 faizi süni intellektin təsirinə məruz qala bilər.
Goldman Sachs analitikləri bildirirlər ki, avtomatlaşdırma nəticəsində dünyada 300 milyon tam ştatlı iş yeri risk altındadır.
Bununla yanaşı, Dünya İqtisadi Forumu hesab edir ki, 2030-cu ilə qədər süni intellekt 170 milyon yeni iş yeri yaradacaq, 92 milyon iş yeri isə ləğv olunacaq. Nəticədə 78 milyon yeni iş yeri yaranacaq.
“Süni intellektin xaç atası” adlandırılan professor Ceffri Hinton isə daha pessimistdir.
“Mən hesab edirəm ki, təkrarlanan zehni işlərin hamısını süni intellekt öz üzərinə götürəcək. Yalnız çox unikal bacarıqlara malik insanlar süni intellektin görə bilmədiyi işlərlə məşğul ola biləcəklər”, – deyə o bildirib.
Microsoft AI bölməsinin rəhbəri Mustafa Süleyman da oxşar mövqedədir. Onun fikrincə, yaxın 12-18 ay ərzində kompüter qarşısında görülən işlərin əksəriyyəti avtomatlaşdırılacaq.
Eyni zamanda, Stenford Universitetinin iqtisadçısı Erik Brinyolfsson və Nobel mükafatı laureatları hesab edirlər ki, qarşıdakı on ildə süni intellekt sənaye inqilabından daha böyük iqtisadi dəyişikliklər yaradacaq.
MIT professoru Devid Autor isə hesab edir ki, süni intellekt peşələri tam yox etməyəcək, onların məzmununu dəyişəcək.
“Bu dəyişiklik konkret vəzifələrə və rollara təsir edəcək. Bir çox yeni peşələr və imkanlar yaranacaq. Amma bəzi bacarıqlar və peşələr də birdəfəlik tarixə qovuşacaq”, – deyə o bildirib.
Professor Skopellitinin fikrincə, qarşıdakı dövr “süni intellektin iştirak dövrü” olacaq.
Əgər son illərdə süni intellekt əsasən məzmun yaradırdısa, növbəti onillikdə qərarların qəbulunda, iqtisadiyyatın və təşkilatların idarə olunmasında birbaşa iştirak edəcək.
Ekspert hesab edir ki, gələcəyin əsas sualları bunlar olacaq: maşınların cəmiyyətdəki rolu necə tənzimlənəcək, onların yaratdığı sərvət necə bölüşdürüləcək və insanın əsas qərarları vermək hüququ necə qorunacaq.
“Biz artıq suallara cavab verən maşınlardan cəmiyyətin həyatında iştirak edən maşınlara keçirik. Bu, generativ süni intellektdən qat-qat fundamental dəyişiklikdir”, – deyə Skopelliti bildirib.