Norveçin vəliəhd şahzadəsi Mette-Marit Oslodakı xəstəxanalardan birində uğurlu ağciyər transplantasiyası əməliyyatı keçirib.
"PostMedia" xəbər verir ki, bu barədə "BBC News" Norveç kral ailəsinin bəyanatına istinadən məlumat yayıb.
52 yaşlı şahzadə nadir rast gəlinən ağciyər fibrozundan əziyyət çəkir. Xəstəlik ona 2018-ci ildə diaqnoz edilib və son aylarda vəziyyəti xeyli pisləşib.
“Hazırkı vəziyyətə görə hər şey uğurla keçib,” – deyə onun müalicəsində iştirak edən ağciyər xəstəlikləri üzrə mütəxəssis Öre Holm bildirib.
Onun sözlərinə görə, Mette-Marit əməliyyatdan sonra bir neçə həftə həkimlərin nəzarəti altında qalacaq ki, bu da belə əməliyyatlardan sonra standart prosedurdur.
Kral sarayı həmçinin bildirib ki, vəliəhd şahzadə Haakon sağalma dövründə həyat yoldaşının yanında olmaq üçün öz rəsmi qrafikini tənzimləyəcək.
Transplantasiya Mette-Marit-in əvvəlki münasibətindən olan oğlu Marius Borg Høiby-nin iki zorlamada günahkar bilinərək 4 il həbs cəzası aldığı xəbərlərdən iki gün sonra həyata keçirilib. Onun vəkilləri hökmü apellyasiya edəcəklərini bildiriblər.
Əməliyyatdan 12 gün əvvəl saray şahzadənin transplantasiya növbəsinə salındığını açıqlamışdı. Həkimlər izah ediblər ki, belə siyahıya adətən həyatı bir il və ya daha az olan pasiyentlər daxil edilir.
Holm bildirib ki, 2026-cı ilin əvvəlindən şahzadənin vəziyyəti ciddi şəkildə pisləşmiş və həyatı üçün real təhlükə yaradıb. O, son dəfə 17 mayda ictimaiyyət qarşısına çıxmış və artıq burun kanülü ilə oksigen dəstəyi istifadə etmişdi.
Mütəxəssislər qeyd edirlər ki, ağciyər transplantasiyasından sonra xəstələr uzun və çətin reabilitasiya dövrü keçirirlər. Orqanın rədd olunmasının qarşısını almaq üçün ömür boyu immun sistemini zəiflədən dərmanlar qəbul edilir.
Norveçli mütəxəssislərin məlumatına görə, xəstələrin təxminən 12%-i əməliyyatdan sonra ilk il ərzində sağ qalmır, təxminən yarısı isə 10 il və daha çox yaşayır.
Bu əməliyyat Norveç kral ailəsi üçün daha bir ağır sınaq olub. Daha əvvəl bu il ictimaiyyətə sızan sənədlər Mette-Marit-in cinsi cinayətlərə görə məhkum olunmuş maliyyəçi Ceffri Epstein ilə uzunmüddətli əlaqələrinə dair müzakirələr yaratmışdı.
Şahzadə daha sonra Norveç kralı və kraliçasından gecikmiş şəkildə üzr istəyərək, Epstein ilə tanışlığını “səhv və vəziyyətin yanlış qiymətləndirilməsi” kimi izah etmişdi.