Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində 34 fiziki və 47 hüquqi şəxsi siyahıya daxil edib.
"PostMedia" xəbər verir ki, məhdudiyyətlər Brüsselin qiymətləndirməsinə görə, Rusiyanın hərbi-sənaye kompleksi, neft ixracı, “kölgə donanması”nın fəaliyyəti, eləcə də hərbi texnika və pilotsuz uçuş aparatlarının istehsalı və təchizatı ilə əlaqəli qurum və şəxslərə qarşı yönəlib.
Sanksiyaya məruz qalan fiziki şəxslər arasında azərbaycanlı iş adamı Tahir Qarayevin də adı yer alıb. Bundan əlavə, Aİ-nin məlumatına görə, Rusiyanın neft və neft məhsullarının daşınması və ixracında, o cümlədən “kölgə donanması” gəmilərindən istifadə edilməsində iştirak edən 24 təşkilata qarşı da məhdudiyyətlər tətbiq olunub.
Sanksiyalar siyahısına Sumqayıtda qeydiyyatdan keçmiş "Global Ship Solutions LLC" şirkəti də daxil edilib. Aİ sənədlərinə əsasən, şirkət "Fulger", "Deneb" və "Odune" gəmilərinin texniki idarəçiliyi ilə məşğuldur. Brüsseldə iddia edilir ki, həmin gəmilər Rusiya nefti və neft məhsullarının daşınmasında istifadə olunub və gəmilərin avtomatik identifikasiya sistemlərinin manipulyasiyası ilə bağlı fəaliyyətlərdə iştirak edib.
Aİ qərarında qeyd olunur ki, şirkət Rusiya enerji daşıyıcılarının nəqlində iştirak edən gəmilərin idarə edilməsini təmin edir və Avropa qurumlarının fikrincə, Beynəlxalq Dəniz Təşkilatının yüksək riskli gəmiçilik metodları kimi qiymətləndirdiyi fəaliyyətlərlə əlaqəlidir.
Xüsusilə vurğulanır ki, "Odune" tankeri, texniki idarəçisi Global Ship Solutions LLC olan gəmi, artıq 2025-ci ildə Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahılarına daxil edilmişdi. Gəminin kommersiya idarəçisi kimi isə Azərbaycanda qeydiyyatdan keçmiş "Night Moon Navigation LLC" göstərilir.
Azərbaycan şirkəti ilə yanaşı, sanksiyalar Rusiyada, Liberiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və Honkonqda qeydiyyatdan keçmiş bir sıra təşkilatları da əhatə edir.