Belarus prezidenti Aleksandr Lukaşenko, ukraynalı həmkarı Vladimir Zelenskinin onu və Rusiya prezidenti Vladimir Putini “qoca” adlandırmasına münasibət bildirib.
"PostMedia" Belarusun "Belta" Age3ntliyinə istinadən xəbər verir ki, Belarus lideri Zelenskini “öz oğlu” hesab etdiyini, dediklərini isə “tam cəfəngiyat” adlandırıb.
Lukaşenko bu fikirləri MDB və Avropa İqtisadi Birliyi ölkələrinin baş nazirləri ilə görüşdə səsləndirib:
“Bir vaxtlar oğlum bilib hörmət etdiyim həmkarım Vladimir Zelenski dedi ki, guya biz Putinlə qoca adamlarıq və küncdə kiminsə ziyanına nəsə danışırıq. Tam cəfəngiyatdır”.
Sentyabrın 26-da Lukaşenko Moskvada Vladimir Putinlə beş saatdan çox davam edən görüş keçirib. Görüşdən sonra o, Ukrayna ilə bağlı “masada yaxşı bir təklifin olduğunu” söyləyib və Zelenskiyə “sakitləşməyi” tövsiyə edib.
Belarus lideri bildirib ki, bu təklif Putinin ABŞ-nin keçmiş prezidenti Donald Trampla Alyaskada müzakirə olunduğu planın bir hissəsidir. Onun sözlərinə görə, Vaşinqton təklifi öyrənmək üçün vaxt istəyib.
“Ukraynanı itirməmək üçün Zelenski təkcə danışmamalı, onun üçün sərfəli olan şərtlərlə razılaşmalıdır. Həmin şərtləri amerikalılar da qəbul etmişdi”, – deyə Lukaşenko vurğulayıb.
O, həmçinin Zelenski ilə görüşmək arzusunu ifadə edərək, “üç slavyan dövləti rəhbərinin oturub müharibəni dayandırmaq barədə razılığa gəlməli olduğunu” qeyd edib.
Sentyabrın 29-da Zelenski Lukaşenkonun təkliflərini rədd edib:
“Düzünü desəm, Lukaşenkonun dediklərinə reaksiya vermək mənim üçün çətindir. O, öz dünyasında yaşayır. Üç onillikdir ki, tikdiyi evdədir. Amma o evin ölçüsü bütöv bir ölkədir. Mən istəyirəm ki, unutmasın: onun ölkəsi müstəqildir. Putin bəzən ora gəlir, onlar da öz aralarında qoca adamların söhbətini edirlər. Şərh etmək çətindir”.