Həmas Trampın planına razılıq verdi - Girovlar azad olunacaq
03-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Həmas ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü Qəzza planına cavabını vasitəçilərə təqdim edib.
"PostMedia" xəbər verir ki, hərəkat nümayəndələri açıqlamalarında müzakirələrə açıq olduqlarını və girovların azad edilməsini qəbul etdiklərini bildiriblər.
Xatırladaq ki, Tramp bu gün verdiyi bəyanatda Hamasla razılaşmanın ən geci bazar günü axşam saat 18:00-da (Vaşinqton vaxtı ilə) əldə olunmalı olduğunu demişdi.
Onun sözlərinə görə, bütün ölkələr artıq sənədi imzalayıb və əgər bu “son şans sazişi” baş tutmazsa, Həmas “indiyə qədər heç kimin görmədiyi şəkildə ağır nəticələrlə üzləşəcək”.
Tramp çıxışında əlavə edib ki, “Orta Şərqdə sülh olacaq – ya bu şəkildə, ya da başqa şəkildə”.
"Ağ Ev" bir neçə gün əvvəl prezidentin Qəzza ilə bağlı planını təqdim etmişdi. Planda əsas diqqət girovların azad edilməsinə və bölgədə atəşkəsin təmin olunmasına yönəlib.
Bu gün axşam saatlarında Hamas vasitəçilərə rəsmi cavab göndərərək razılaşma üçün dialoqa hazır olduqlarını təsdiqləyib.
Müşahidəçilər qeyd edirlər ki, Hamasın bu addımı Tramp administrasiyasının son həftələrdə artan təzyiqlərinin nəticəsi ola bilər.
Razılaşmanın detallarının yaxın günlərdə açıqlanacağı gözlənilir. Əgər tərəflər ortaq məxrəcə gəlsələr, bu, Qəzza münaqişəsinin gedişatında mühüm dönüş nöqtəsi ola bilər.