N/A°C Bakı
1$ = 1.70₼
Komanda

Gürcüstan Bakurianidə keçiriləcək xizəksürmə üzrə Dünya Kubokundan imtina edib

25-noyabr-2025
Turan Hüseynli
Gürcüstan Bakurianidə keçiriləcək xizəksürmə üzrə Dünya Kubokundan imtina edib
Yazı Ölçüsü:

Gürcüstan 2025-ci ildə Bakurianidə keçirilməsi planlaşdırılan fristayl (mogul və dual mogul) üzrə Dünya Kuboku mərhələsindən imtina edib. Bu qərar dövlətin idman sahələrinin inkişafına dair beşillik planında prioritetlərin dəyişməsi ilə izah olunur.

"PostMedia" xəbər verir ki, məlumatı Gürcüstan Xizək Federasiyasının rəhbəri Zurab Kostava açıqlayıb.

Federasiya artıq yarışın ləğvi barədə Beynəlxalq Xizək Federasiyasını rəsmi şəkildə məlumatlandırıb və hazırda turnirin keçirilməsi üçün alternativ məkanlar nəzərdən keçirilir. Yarışın 20–21 dekabrda Bakurianidə baş tutması planlaşdırılırdı.

Kostavanın sözlərinə görə, dövlət mövcud resursları daha çox idman məktəblərinin inkişafına yönəltməyi üstün tutub, çünki bu turnirdə Gürcüstan yalnız bir idmançı ilə təmsil olunacaqdı. O qeyd edib ki, hər il minimum 15 beynəlxalq yarış ləğv edilir və bu, ümumi tədbirlərin təxminən 10%-ni təşkil edir.

Hazırda əsas prioritet beynəlxalq yarışlara ev sahibliyi deyil, gənc idmançıların hazırlanması və infrastrukturun gücləndirilməsidir. Gürcüstanda qış idman növləri üzrə böyük turnirlərin yenidən keçirilməsi 2027-ci ildən planlaşdırılır.

Uğurlu əvvəlki tədbirlərdən sonra Bakuriani və Qudauri FIS-in daimi yarış təqviminə daxil edilmişdi.

Kateqoriyalar