Ermənistanın baş naziri Nikol Paşinyan son dövrlərdə qeyri-adi bir faktı etiraf edib: 2020–2023-cü illərdə baş verən hərbi məğlubiyyət və Azərbaycanın öz torpaqlarını geri qaytarması onun nüfuzuna təsir edib.
"PostMedia" xəbər verir ki, bunu "The Washington Times" yayıb.
Nəşr qeyd edir ki, Ermənistan Konstitusiyasına görə ərazi itkisi və ya hərbi məğlubiyyətin qəsdən təşkil edilməsi xəyanət kimi qiymətləndirilə bilər.
Məqaləyə əsasən, qarşıdan gələn 7 iyun parlament seçkiləri Paşinyan üçün şəxsi siyasi taleyin həll olunduğu mərhələdir. Təxminən 8% reytinqə sahib olan liderin azad və ədalətli seçkilərdə qalib gəlməsi çətin görünür. Ona görə də ya seçkilərdə məğlub olub məsuliyyət daşımalı, ya da seçkilərin ədalətli keçirilməməsini təmin etməlidir.
Məqalədə iddia olunur ki, son bir ildə Ermənistanda baş verən proseslər ikinci ssenariyə işarə edir.
Bildirildiyinə görə, biznesmen Samvel Karapetyan həbs edilib və onun seçki kampaniyası aparmasına maneələr yaradılıb. Eyni zamanda, Paşinyanın tərəfdarlarının bəzi media resurslarında məhkəmə qərarlarından əvvəl həbs qərarlarının yayımlandığı iddia olunur ki, bu da məhkəmə sisteminə təzyiq kimi qiymətləndirilir.
Nəşrin iddiasına görə, Paşinyan parlamentdə müxalif seçiciləri təhqir edib və Qarabağdan köçən insanları “qaçqın” adlandırıb.
Həmçinin iddia olunur ki, o, seçilməzsə Azərbaycan tərəfindən yeni hərbi əməliyyatların baş verə biləcəyini bildirib.
Məqalədə "Transparency International" təşkilatına istinadla Ermənistanda inzibati resurslardan sui-istifadə halları və azad seçki mühitinin zəif olduğu qeyd edilir.
Bundan əlavə, Avropa İttifaqının Avropa İttifaqı Ermənistana 14 milyon dollarlıq yardım paketi planlaşdırdığı, bunun isə Paşinyanın mövqeyini gücləndirə biləcəyi iddia olunur.
Müxalifət isə bu dəstəyi seçki prosesinə mümkün müdaxilə kimi qiymətləndirir.
Məqalənin sonunda vurğulanır ki, proses təkcə Ermənistan daxilində deyil, region və ABŞ-ın İran siyasəti kontekstində də əhəmiyyət daşıyır və seçkilərin nəticəsi ABŞ-ın regional planlarına təsir göstərə bilər.