Ermənistanda maye qazın qiymətində kəskin artım və yaranan defisit gündəlik həyatı, xüsusilə də nəqliyyat sektorunu ciddi şəkildə təsirləndirib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” müxalif fraksiyasının üzvü Qarnik Danielyan sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, son bir həftədə maye qazın qiyməti həm İrəvan şəhərində, həm də regionlarda sürətlə artaraq 260–300 dram (təxminən 1,19 - 1,37 manat) səviyyəsinə çatıb. Halbuki, aprelin əvvəlində qiymət təxminən 170 dram (təxminən 0,78 manat) idi. Bu isə 60–70% artım deməkdir.
Deputat qeyd edib ki, bəzi ərazilərdə artıq qaz çatışmazlığı müşahidə olunur. Vətəndaşlar sosial şəbəkələrdə bir-birinə hansı doldurma məntəqəsində qaz tapmaq mümkün olduğunu yazırlar. Artan qiymətlər və qeyri-sabitlik səbəbindən bir çoxları qaz balonlarından imtina etməyə başlayıb ki, bu da əlavə xərclərə səbəb olur.
Ən çox zərər görənlərdən biri isə taksi sürücüləridir. Onlar bildirirlər ki, maye qazın defisiti onların normal fəaliyyətini pozub və qaz tapmaq getdikcə çətinləşir.
Qarnik Danielyan məsələ ilə bağlı aidiyyəti qurumları – İqtisadiyyat Nazirliyini və Rəqabətin Müdafiəsi Komissiyasını vəziyyətə müdaxilə etməyə çağırıb. Onun fikrincə, qiymət artımının səbəbləri araşdırılmalı, bazarda süni bahalaşma və qeyri-ədalətli rəqabət olub-olmadığı müəyyən edilməlidir.
Deputat həmçinin vurğulayıb ki, əgər problem yalnız təchizatla bağlıdırsa, daşınma və sərhəd gecikmələri nəzarət altına alınmalıdır. Əks halda, mövcud vəziyyət vətəndaşların sosial yükünü daha da artıracaq.