6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda qanunsuz yaşayan azərbaycanlılar saxlanıb

27-aprel-2026
Gürcüstanda qanunsuz yaşayan azərbaycanlılar saxlanıb
Yazı Ölçüsü:

Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 55 xarici ölkə vətəndaşını saxlayıblar.

"PostMedia" xəbər verir ki, saxlanılanlar arasında Rusiya, Özbəkistan, Türkiyə, Belarus, Qırğızıstan, Azərbaycan, İordaniya, Kot-d'İvuar, Banqladeş, Türkmənistan və Pakistan vətəndaşları var.

Bildirilir ki, əməliyyatlar çərçivəsində müxtəlif məkanlar və obyektlər yoxlanılıb, məqsəd ölkədə qanunsuz yaşayan şəxslərin aşkarlanması olub. Araşdırma nəticəsində saxlanılan şəxslərin “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozduğu müəyyən edilib.

Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır və onların ölkədən çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.

Rəsmi məlumatlara görə, 2026-cı ildə Gürcüstandan deportasiya edilən qeyri-qanuni miqrantların sayı artıq 1000 nəfəri keçib. Bu göstərici əvvəlki illərlə müqayisədə rekord hesab olunur.

Hökumət bildirir ki, 2026-cı il ərzində 3500–4000 arası qeyri-qanuni miqrantın ölkədən çıxarılması planlaşdırılır.

Eyni zamanda, əmək miqrasiyasının tənzimlənməsi məqsədilə qanunvericilik sərtləşdirilib. 2026-cı il martın 1-dən etibarən xarici vətəndaşların Gürcüstanda işləməsi üçün xüsusi icazə tələb olunur. Bundan əlavə, bəzi sahələrdə — o cümlədən kuryer xidmətləri, sərnişindaşıma (taksi daxil olmaqla) və tur bələdçiliyi — xaricilərin işləməsi tam qadağan edilib.

Qeyd edək ki, 2025-ci ildə Gürcüstandan 1311 xarici vətəndaş deportasiya olunub ki, bu da 2014–2024-cü illərin ümumi göstəricisini üstələyir. Deportasiya edilənlər arasında ən çox Hindistan (269 nəfər), Türkiyə (176 nəfər) və İran (157 nəfər) vətəndaşları olub.

Qonşu ölkələr üzrə isə 2025-ci ildə Gürcüstandan Azərbaycanın 39, Ermənistanın 26 və Rusiyanın 73 vətəndaşı deportasiya edilib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930