6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Bir ana ideyası ilə başlayan layihə: autizmli gənclər üçün iş və ümid məkanı

15-aprel-2026
Bir ana ideyası ilə başlayan layihə: autizmli gənclər üçün iş və ümid məkanı
Yazı Ölçüsü:

Bakının mərkəzində fəaliyyət göstərən bir kafe düşünün: burada hər fincan qəhvə, hər xidmət və hər təbəssüm cəmiyyətə inteqrasiya, inklüzivlik və sosial məsuliyyət ideyasını daşıyır. Ü.Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən "Kashalata" kafenin yaranma məqsədi autizm spektr pozuntusu olan və xüsusi qayğıya ehtiyacı olan gənclərin sosial həyata inteqrasiyasını dəstəkləməkdir. Hazırda kafedə 10-u autizmli olmaqla 20 gəncin məşğulluğu təmin olunub.
Bu sosial layihənin əsas dəstəkçilərindən olan "Trendyol" şirkətinin təşəbbüsü ilə ötən günlərdə media nümayəndələri üçün “Kashalata” kafeyə xüsusi mediatur təşkil olunub. Bu ziyarət inklüziv layihənin həm sosial, həm də insani tərəflərini yaxından görmək imkanı yaradıb.
Qeyd edək ki, "Trendyol" artıq iki ildir ki, kafedə çalışan əməkdaşların əməkhaqlarını qarşılayaraq layihəyə birbaşa dəstək verir.
"Trendyol"-un Azərbaycandakı korporativ kommunikasiyalar rəhbəri Süheylə Cəfərova bildirib ki, müasir dövrdə bizneslərin rolu təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır: “Müasir dünyada bizneslər yalnız iqtisadi göstəricilərlə ölçülmür. Biz fəaliyyət göstərdiyimiz cəmiyyətlərdə müsbət dəyişiklik yaratmağa çalışırıq.”
Onun sözlərinə görə, şirkət sosial təsir və dayanıqlılıq strategiyası çərçivəsində müxtəlif layihələr həyata keçirir və “Kashalata” bu təşəbbüslərin ən önəmli nümunələrindən biridir.
O, qeyd edib ki, şirkət "PAŞA Holding" ilə birlikdə Azərbaycanda müxtəlif sosial layihələr həyata keçirir: “Biz artıq iki ildir ki, PAŞA Holding ilə birlikdə Kaşalata Kafenin Azərbaycandakı fəaliyyətini dəstəkləyirik. Əməkdaşlıq çərçivəsində kafenin yalnız biznes modeli deyil, həm də sosial təsir platforması kimi inkişafı hədəflənir".
Layihənin digər əsas tərəfdaşı olan "PAŞA Holding" isə korporativ sosial məsuliyyət çərçivəsində uzunmüddətli sosial təsir yaratmağı qarşısına məqsəd qoyub. Şirkətin KSM üzrə eksperti Bəyim İbrahimova müxtəlif sahələrdə gənclərə maksimum dəstək göstərməyə çalışmışdıqlarını vurğulayıb. Onun sözlərinə görə, layihələrin əsas dəyəri onların davamlı olması və real sosial dəyişiklik yaratmasıdır: "PAŞA Holding-in əsas məqsədi cəmiyyətə real və dayanıqlı töhfə verməkdir".
Layihənin ideya müəllifi, “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova bu təşəbbüsün uzun illər ərzində formalaşdığını qeyd edib: “Bu sahədə fəaliyyətimin şəxsi səbəbi var. Mən autizmli 22 yaşlı oğlanın anasıyam. Bu gün o da burada, “Kashalata” kafedə aşpaz köməkçisi kimi işləyir və bununla qürur duyuram. Övladıma autizm diaqnozu qoyulanda çox az məlumatlı idim, amma onunla birlikdə öyrəndim, bu sahəni araşdırdım və həyatımın istiqamətini dəyişməyə qərar verdim. Artıq autizmli şəxslərə və onların ailələrinə daha keyfiyyətli dəstək verməyə çalışırıq”.
Onun sözlərinə görə, kafe 2017-ci ildən pilot layihə olaraq fəaliyyətə başlayıb. Layihənin əsas məqsədi yalnız bir sosial təşəbbüs yaratmaq deyil, həm də davamlı təsir formalaşdırmaqdır. Xüsusilə autizm sahəsində artan ehtiyaclar bu kimi layihələrin əhəmiyyətini daha da artırır: "Hazırda kafedə çalışan neyromüxtəlif gənclər tipik inkişaf göstərən əməkdaşlarla birlikdə işləyir, bir-birinə dəstək olur və inklüziv iş mühiti formalaşdırırlar".
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin 2024-cü il statistikası göstərir ki, dünyada hər 31 uşaqdan birində autizm spektr pozuntusu müşahidə olunur. Erkən müdaxilənin düzgün şəkildə aparılması autizmli şəxslərin təhsil alması, məşğulluğunun təmin edilməsi baxımdan çox önəmlidir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930