“TRIPP layihəsi (Sülhün kəsişməsi)” çərçivəsində ölkənin cənub hissəsi Naxçıvan üzərindən keçən dəmir yolu ilə şimal hissəyə birləşdirilə bilər.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan "World Policy Conference" tədbiri çərçivəsində çıxışı zamanı bildirib.
Kostanyanın sözlərinə görə, TRIPP layihəsi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaqla məhdudlaşmır, daha geniş və strateji xarakter daşıyır. Layihə Mərkəzi Asiya ilə Avropa arasında bağlantını gücləndirməyə yönəlib.
Onun fikrincə, kommunikasiya xətlərinin açılması nəticəsində təkcə Şərq ilə Qərb deyil, həm də Fars körfəzi ilə Qara dəniz arasında yeni əlaqələr formalaşa bilər ki, bu da region üçün ciddi dəyişikliklər vəd edir.
Diplomat qeyd edib ki, Ermənistan bu layihənin həyata keçirilməsində maraqlıdır və ABŞ tərəfdaşları ilə birgə layihələr üzərində aktiv müzakirələr aparılır. Artıq texniki-iqtisadi əsaslandırma üzərində işlər başlayıb və region daxilində ilk praktiki addımlar atılıb.
O, misal olaraq Qazaxıstandan buğdanın Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Ermənistana daşınmasını göstərib.
Kostanyan əlavə edib ki, Ermənistan və Azərbaycan rəhbərləri artıq sülhün bərqərar olduğunu bir neçə dəfə bəyan ediblər və hazırda əsas diqqət iqtisadi əlaqələrin dərinləşdirilməsi yolu ilə “sülhün institusionallaşdırılmasına” yönəlib.
Onun sözlərinə görə, iki ölkə arasında birbaşa ticarət də başlayıb – Ermənistan Azərbaycandan yanacaq idxal edir və yaxın gələcəkdə ixrac ediləcək məhsulların siyahısı daqiqləşdiriləcək.
Bununla yanaşı, tərəflər arasında ictimai əlaqələrin inkişafı üçün də addımlar atılır, vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri həm ölkə daxilində, həm də xaricdə təşkil olunur.
Kostanyan həmçinin Gürcüstanla üçtərəfli məsləhətləşmələrin əhəmiyyətini vurğulayaraq, regionda daha geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.