Anomal istilər və soyuq hava dalğaları ürək-damar hadisələrinin artmasına səbəb olur və bu təsir hava çirklənməsi ilə daha da güclənir.
”PostMedia” xəbər verir ki, bu barədə nəticələr “ESC Preventive Cardiology 2026” çərçivəsində – “European Association of Preventive Cardiology”nin illik konqresində təqdim olunub.
Polşanın Bialıstok Tibb Universitetinin professoru Lukasz Kuzman bildirib ki, ölkədə həm anomal soyuqlar, həm də görünməmiş isti dövrlər müşahidə olunur və bu temperatur ekstremumlarının sağlamlığa təsiri araşdırılıb.
Tədqiqat çərçivəsində Şərqi Polşada 8 milyon insanın məlumatları analiz edilib. 2011–2020-ci illər üzrə hospitalizasiya və ölüm göstəriciləri qiymətləndirilib. Araşdırmada əsas diqqət ağır ürək-damar və beyin-damar hadisələrinə (MACCE) yönəlib – bunlara infarkt, insult və ürək-damar səbəbli ölüm daxildir.
Nəticələr göstərib ki, anomal isti günlərdə insult halları 7,5%, ürək-damar ölümləri isə 9,5% artıb.
Soyuq dalğalar daha gecikmiş, amma davamlı təsir göstərib – risk 4–6,9% aralığında yüksəlib.
Hava çirklənməsi bu təsiri daha da gücləndirir. Xüsusilə ozon (O₃), PM2.5 hissəcikləri və NO₂ həm isti, həm də soyuq hava şəraitində riski artırır.
Araşdırmaya görə, ürək-damar ölümlərinin təxminən 13%-i hava çirklənməsi ilə bağlıdır.
Bu, 10 il ərzində 71 min ildən çox itirilmiş həyat deməkdir.
Qadınlar və 65 yaşdan aşağı şəxslər daha həssas qrup hesab olunur.
Alimlər qeyd edir ki, hava çirklənməsi artıq əsas risk faktorlarından biri olsa da, onun təsiri hələ də kifayət qədər qiymətləndirilmir.
Professor Kuzman əlavə edib ki, gələcəkdə işıq və səs çirklənməsi kimi digər ekoloji faktorlar da araşdırılacaq və məqsəd ürək-damar xəstəlikləri üçün daha dəqiq risk proqnozlaşdırma modeli hazırlamaqdır.