Texnologiyanın gələcəyini formalaşdıran əsas qüvvələrdən biri artıq qadınlardır. Süni intellekt, rəqəmsal transformasiya və innovasiya sahələrində qadınların iştirakı artdıqca, texnologiya dünyası daha müxtəlif, daha yaradıcı və daha inklüziv olur. Bu baxımdan gənc qızların erkən yaşlardan texnologiya ilə tanış olması, rəqəmsal bacarıqlar qazanması və gələcəyin peşələrinə hazırlanması xüsusi əhəmiyyət daşıyır.
Məhz bu məqsədlə Beynəlxalq “İKT-də Qızlar Günü” çərçivəsində regionlarda yaşayan gənc qadınlar üçün “Süni intellektlə yeni başlanğıc” adlı AI düşərgəsi təşkil olunub. “Women in Tech Azerbaijan”ın təşkilatçılığı, “Trendyol” və “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən layihə Gəncə və Mingəçevirdə baş tutub.
2026-cı il üzrə Beynəlxalq “İKT-də Qızlar Günü”nün rəsmi mövzusu olan “İnkişaf üçün süni intellekt: Qızlar rəqəmsal gələcəyi formalaşdırır” çərçivəsində keçirilən proqram ümumilikdə 4 gün davam edib.
Belə ki, 24-25 aprel tarixlərində Gəncədə, 26-27 aprel tarixlərində isə Mingəçevirdə təşkil edilən düşərgələrdə 18-25 yaşlı qızlara müasir texnoloji biliklər verilib.
Təlimlər zamanı iştirakçılar süni intellektin əsasları, prompt yazma bacarıqları, AI alətlərinin biznes və e-ticarətdə tətbiqi, təhlükəsiz və etik istifadə prinsipləri, eləcə də praktiki tapşırıqlar və mini-lab sessiyalarında iştirak ediblər.
Layihənin əsas məqsədi regionlarda yaşayan 18-25 yaş arası gənc qadınların süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, onların rəqəmsal alətlərdən düzgün və məqsədyönlü istifadə imkanlarını genişləndirmək, eləcə də gələcək karyera imkanlarına dəstək olmaqdır. Təlimlərə ümumilikdə 80-ə yaxın iştirakçı — tələbələr, yeni məzunlar və karyerasının ilkin mərhələsində olan gənc qadınlar cəlb olunub.
Gəncədə keçirilən açılış mərasimində çıxış edən “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova bildirib ki, texnologiya sahəsində qadınların daha aktiv iştirakı innovasiya və inkişaf üçün vacibdir. Onun sözlərinə görə, süni intellekt artıq müasir elektron ticarətin və texnoloji həllərin əsas elementlərindən birinə çevrilib.
“Women in Tech Azerbaijan”ın direktoru Leyla Seyidzadə isə qeyd edib ki, layihənin əsas məqsədi gənc qadınları texnologiya və süni intellekt sahəsinə düzgün istiqamətləndirmək, onların bu alətlərdən faydalı və effektiv şəkildə istifadə etməsinə dəstək olmaqdır.






