"Georgian Airways" aviaşirkəti reysləri azaltmağa başlayıb və aviayanacağın (kerosin) kəskin bahalaşması səbəbindən iflas ehtimalını istisna etmir.
"PostMedia" xəbər verir ki, bu barədə "NewsGeorgia" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, yanacağın sürətli bahalaşması uçuşları gəlirsiz hala salıb.
Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Viktoriya Klimiçeva "bm.ge"yə verdiyi müsahibədə bildirib ki, bəzi marşrutlarda bilet qiyməti artıq hətta kerosin xərclərini belə qarşılamır.
“Paris reysini götürək: gedib-gəlmək üçün təxminən 26 ton yanacaq lazımdır – bu təxminən 50 min dollardır. 100 sərnişinə böləndə yalnız yanacaq xərci hər sərnişin üçün 500 dollar edir. Halbuki bizdə gediş-dönüş bilet qiyməti 300–350 avro idi”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, digər xərclər – aeroport rüsumları, naviqasiya, texniki xidmət, sığorta və qidalanma – şirkət üçün əlavə zərərə çevrilir.
Klimiçeva bildirib ki, vəziyyət dəyişməsə, şirkət iflas riski ilə üzləşə bilər:
“Bəlkə bu rejimdə daha 100 reys icra edərik. Amma 101-cini artıq bacarmayacağıq. Əgər belə davam etsə, şirkət iflas rejiminə keçə bilər.”
O əlavə edib ki, "Georgian Airways" Gürcüstan hökumətinə məsləhətlər üçün təşəkkür edir və vəziyyətdən çıxış yolu tapılacağına ümid edir.
Məlumata görə, ABŞ və İsrailin İranla gərginliyi fonunda aviayanacaq iki dəfə bahalaşıb. Yaxın Şərqdəki vəziyyət istehsal və daşınmanı çətinləşdirib. Körfəz ölkələri Avropanın aviasiya yanacağı idxalının təxminən 50%-ni təmin edir və əsas marşrutlar Hörmüz boğazından keçir.
Beynəlxalq Enerji Agentliyi Avropa ölkələrində kerosin ehtiyatlarının bir neçə həftə içində tükənə biləcəyi barədə xəbərdarlıq edib.
Dünyada hava yolları şirkətləri reysləri azaldır, bəzi şirkətlər isə xərcləri sərnişinlərin üzərinə qoyaraq biletləri bahalaşdırır. Analitiklər bildirirlər ki, müharibə davam edərsə, ləğv olunan reyslərin sayı artacaq və aviabiletlər daha da bahalaşacaq.