Yeni araşdırma vəhşi təbiətdə heyvanların davranışı ilə toksik iş kollektivlərindəki atmosfer arasında gözlənilməz paralellər aparıb.
"PostMedia" xəbər verir ki, bu barədə "The Conversation" nəşri yazıb.
Tədqiqat müəllifləri aqressiv həmkarların yaratdığı daimi gərginlikdən əziyyət çəkən əməkdaşları yırtıcıların yanında yaşamağa məcbur olan ov heyvanları ilə müqayisə ediblər. Onların qənaətinə görə, insanları çox vaxt məhz konfliktin özü deyil, təhlükənin davamlı gözləntisi məhv edir.
Alimlər izah edirlər ki, təbiətdə yırtıcılar populyasiyalara təkcə fiziki hücumlarla təsir göstərmir. Sadəcə qorxu hissi belə heyvanların davranışını dəyişdirə bilir. Ov heyvanları ehtiyatlı olmağa, ətrafı izləməyə və təhlükədən yayınmağa böyük enerji sərf edir. Nəticədə isə qida tapmaq, çoxalmaq və normal yaşamaq üçün daha az resurs qalır. Tədqiqatçılar bildirirlər ki, insan kollektivlərində də demək olar eyni proses baş verir.
Müəlliflər toksik mühitdə həm heyvanların, həm də insanların istifadə etdiyi üç əsas “sağ qalma strategiyası”nı təsvir ediblər.
Birinci strategiya “yırtıcıya uyğunlaşmaqdır”. Əgər təhlükəli həmkar müəyyən saatlarda və ya konkret iclaslarda daha aqressiv davranırsa, əməkdaşlar da öz davranışlarını dəyişməyə başlayırlar - daha az danışır, ünsiyyətdən qaçır, söhbətləri ertələyir və ya sadəcə gözə görünməməyə çalışırlar. Müəlliflər bunu şir başqa tərəfə baxarkən ehtiyatla su içən antilopa bənzədiblər.
İkinci strategiya “təhlükəsiz zonalara qaçmaqdır”. Təbiətdə heyvanlar hücum ehtimalının az olduğu yerlərə çəkilir. Ofisdə isə bu, distant işə keçmək, ünsiyyətdən yayınmaq, özünə qapanmaq və ya fərdi tapşırıqlara üstünlük vermək formasında özünü göstərir. Araşdırma müəllifləri hesab edirlər ki, bəzən distant işin populyarlığı yalnız rahatlıqla deyil, həm də “ofis yırtıcılarından” psixoloji şəkildə gizlənmək istəyi ilə bağlıdır.
Üçüncü strategiya kollektiv müdafiədir. Təbiətdə sürülər və dəstələr riski qrup üzvləri arasında bölüşdürməyə kömək edir. İnsanlarda isə bu, qeyri-rəsmi ittifaqların, “mini tayfaların” və kollektiv daxilində qapalı dəstək qruplarının yaranması ilə özünü göstərir. Başqa sözlə, əməkdaşlar korporativ “dinozavrlara” qarşı qruplaşmağa başlayırlar.
Müəlliflər vurğulayırlar ki, toksik kollektivlərin əsas problemi yalnız ayrı-ayrı insanların xoşagəlməz davranışı deyil. Əsas zərəri daimi gərginlik atmosferi vurur. Belə şəraitdə əməkdaşların beyni enerjini işə deyil, emosional sağ qalmağa sərf edir. Bu isə stressi artırır, diqqəti azaldır və komanda daxilində əməkdaşlığı zəiflədir.
Araşdırmanın maraqlı nəticələrindən biri də budur ki, kollektivlər çox nadir hallarda toksik davranışı özbaşına dayandıra bilir. İnsanlar aqressora qarşı çıxmaqdan çəkinirlər, çünki ilk etiraz edən şəxsin özü də hədəfə çevrilə bilər. Alimlər bunu təbiətdəki vəziyyətlə müqayisə edirlər: əgər sürü daxilində qaydaları qoruyan yoxdursa, aqressiv davranış getdikcə daha çox yayılır.
Tədqiqatçılar hesab edirlər ki, toksik mühitlə mübarizənin ən effektiv yolu total nəzarət deyil, davranış normalarının kollektiv şəkildə qorunmasıdır.