6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

Yaponiya hava limanları yükdaşıyıcıların işi üçün humanoid robotlar “işə götürməyə” başlayıb

29-aprel-2026
Yaponiya hava limanları yükdaşıyıcıların işi üçün humanoid robotlar “işə götürməyə” başlayıb
Yazı Ölçüsü:

Yaponiya hava limanlarında yaxın vaxtlarda yeni yükdaşıyıcılar peyda olacaq və onların nə yuxuya, nə məzuniyyətə, nə də həmkarlar ittifaqına ehtiyacı var. "Japan Airlines" bildirib ki, artıq may ayından etibarən Tokiodakı "Haneda Airport" hava limanında humanoid robotların sınaqlarına başlayacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Robotlar birbaşa uçuş zolağında baqaj və yükləri daşıyacaq, bununla da turizm bumunun və Yaponiya əhalisinin qocalmasının yaratdığı ciddi işçi çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Jurnalistlər üçün keçirilən təqdimatda Çinin "Unitree" şirkəti tərəfindən hazırlanmış, təxminən 130 santimetr boyunda robot nümayiş etdirilib. Robot sərnişin təyyarəsinin yanında yükü ehtiyatla konveyerə doğru itələyib və hətta “həmkarlarına” əl də edib. Hələlik bu mənzərə bir qədər qeyri-adi görünür - sanki elmi-fantastik filmdəki qəhrəman ilk dəfə təcrübəyə çıxıb. Lakin Yaponiya şirkətləri layihəyə tam ciddi yanaşır.

Sınaqlar 2028-ci ilə qədər davam edəcək. Bu müddətdə "Japan Airlines" və "GMO Internet Group" humanoid robotların hava limanlarının infrastrukturunda ciddi dəyişiklik etmədən ağır və monoton işləri yerinə yetirə bilib-bilməyəcəyini yoxlamaq istəyir. Adi avtomatlaşdırılmış sistemlər baqaj zonalarının xaotik mühitində, dar məkan, qeyri-standart yüklər, texnika, insanlar və daimi tələskənlik şəraitində çətinlik çəkir. Humanoid forma isə robotların mövcud mühiti demək olar ki, insan kimi istifadə etməsinə kömək etməlidir.

Layihənin əsas səbəbi demoqrafik böhrandır. Yaponiya eyni anda həm turizmin kəskin artımı, həm də işçi sayının azalması problemi ilə üzləşib. Təkcə 2026-cı ilin ilk iki ayında ölkəyə 7 milyondan çox turist səfər edib, ötən il isə tarixi rekord qeydə alınıb — 42,7 milyon xarici ziyarətçi. Eyni zamanda əhali qocalır və ağır fiziki işlər üçün gənc işçilərin sayı getdikcə azalır.

"Japan Airlines" vurğulayır ki, robotlar hələlik insanları tam əvəz etməyəcək. Xüsusilə təhlükəsizliklə bağlı kritik tapşırıqlar hava limanı əməkdaşlarının üzərində qalacaq. Üstəlik, humanoidlər hələ “yorulmaz terminatorlar” səviyyəsindən uzaqdır - onlar fasiləsiz cəmi iki-üç saat işləyə bilir, sonra isə enerji yığmaq üçün şarj olunmalıdır.

Şirkət gələcəkdə bu cür robotlardan yalnız baqaj daşınmasında deyil, həm də təyyarə salonlarının təmizlənməsi, texniki xidmət və əvvəllər insanların gördüyü digər işlərdə istifadə etməyi planlaşdırır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031