AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC yeni layihəyə − “Metro Hackathon”a start verir. Süni intellekt (AI) əsaslı bu proqram metroda sərnişin axının səmərəli idarə olunması, sıxlığının azaldılması, balanslaşdırılma və bir çox məqsədi daşıyır və gənclərin innovativ ideyalarını real vəziyyətlərə tətbiq edilə bilən innovativ texnoloji həllərə çevirməyə yönəlib.
Bakı Metropoliteni tarixində ilk dəfə olaraq şəhərin tam mərkəzində – “İçərişəhər” stansiyasında təşkil ediləcək bu intensiv yarışma üç gün davam edəcək, final mərhələsi isə Metropolitenin Texnoloji korpusunda təşkil olunacaq.
Layihə çərçivəsində iştirakçılar Bakı Metropoliteninin real məlumat bazasından istifadə edərək 7 istiqamət üzrə süni intellekt əsaslı həllər hazırlayacaqlar: məlumatların proqnozlaşdırılması, “ağıllı keçid” idarəetməsi, eskalator yükünün balanslaşdırılması, platformalarda sərnişin paylanması, dinamik interval tənzimlənməsi, minmə-düşmə prosesinin optimallaşdırılması və metro şəbəkəsinin mini “rəqəmsal əkiz” (Digital Twin) modeli.
Layihə iştirakçılara real məlumatlarla işləmək, ölkənin qabaqcıl ekspertlərindən mentorluq almaq və innovativ layihələrini təqdim etmək imkanı üçün geniş fürsət yaradacaq.
Fərqli biliklərə sahib istedadların bir araya toplaşacağı bu layihədə süni intellekt mühəndisləri, data analitiklər, proqramçılar (Backend/Frontend/Mobile), UI/UX dizaynerlər və layihə rəhbərləri ilə biznes/marketinq mütəxəssisləri iştirak edə bilərlər. Komandalar (3-5 nəfərlik) fərdi qaydada qəbul edilən müraciətlər əsasında yarışmanın ilk günü formalaşdırılacaq.
Qaliblər üçün mükafatlar birinci yer 5 000 AZN (beş min manat), ikinci yer 3 000 AZN (üç min manat), üçüncü yer isə 1 000 AZN (bir min manat) məbləğindədir. Qalib komandalara metro sistemində əlavə təcrübə imkanlarının yaradılması da nəzərdə tutulur.
Məkan: “İçərişəhər” stansiyası
Müraciətlərin qəbulu: 19 mart–12 aprel 2026
Yarışma günləri: 24–26 aprel 2026
Final təqdimatları: 26 aprel 2026
Qeydiyyat üçün: Metro
Yerlər məhduddur! İndi qoşul və ideyan milyonlara toxunsun!