2026-cı ildə neftin bir barelinin qiymətinin 75–85 dollar aralığında olacağı gözlənilir.
"PostMedia" xəbər verir ki, bu proqnoz Avrasiya İnkişaf Bankının (EDB) mart ayı üzrə makroiqtisadi icmalında yer alıb.
Bank qeyd edir ki, 2026-cı ilin fevral ayının sonundan etibarən geosiyasi gərginlik kəskin artıb. Bunun ən bariz nümunəsi isə Hörmüz boğazından tranzitin dayanmasıdır. Bu marşrut vasitəsilə dünya üzrə neft tədarükünün təxminən 25%-i və mayeləşdirilmiş qazın 20%-i daşınır.
Tranzitin dayandırılması nəticəsində martın ortalarınadək neftin qiyməti 30%, qazın qiyməti isə 55% artıb. Bu vəziyyət həm qiymət artımı, həm də logistikanın çətinləşməsi və bahalaşması səbəbilə qlobal inflyasiyanın sürətlənməsi üçün zəmin yaradıb.
“2026-cı ildə neft qiymətləri 2025-ci illə müqayisədə daha yüksək səviyyədə formalaşa bilər və 75–85 dollar aralığında dəyişə bilər. Bu isə qlobal ÜDM artımının təxminən 0,3–0,5% azalması riskini yaradır. Eyni zamanda, logistika marşrutlarının pozulması, maliyyə bazarlarında qeyri-sabitlik və investisiya axınlarında dalğalanma mənfi təsirləri daha da gücləndirə bilər”, – deyə hesabatda qeyd olunur.
Xatırladaq ki, daha əvvəl Hörmüz boğazının bağlanması dünya üzrə gübrə ixracının təxminən 50%-nin dayanmasına da səbəb olmuşdu.
Qeyd edək ki, Avrasiya İnkişaf Bankı Avrasiya məkanında investisiya fəaliyyəti həyata keçirən beynəlxalq maliyyə qurumudur. Banka Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir, son olaraq isə Özbəkistan da təşkilata qoşulub.
Əlavə edək ki, bu il Azərbaycan büdcəsində neftin qiyməti 65 dollar/barel götürülüb. Bu isə Bankın proqmozundan 15-30% çox az deməkdir.