Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) aviabazasına İran pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində "Saab" şirkətinin istehsalı olan "GlobalEye" kəşfiyyat təyyarəsi məhv edilib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, keçən həftə PUA hücumlarından sonra BƏƏ-nin Əl-Zafra aviabazasından çəkilmiş yeni peyk görüntüləri bir neçə təyyarə anqarının zədələndiyini göstərir. Bu isə İran tərəfindən həyata keçirildiyi ehtimal edilən hücumda mühüm kəşfiyyat təyyarələrinin vurulmuş ola biləcəyi ilə bağlı fərziyyələr yaradır.
Əl-Zafra aviabazası həm BƏƏ Hərbi Hava Qüvvələrinin, həm də ABŞ və Fransa hərbi hava qüvvələrinin yerləşdiyi baza olmaqla yanaşı, regionun mühüm müşahidə və hava əməliyyatları mərkəzidir.
Hücumun özü bir neçə gün əvvəl baş versə də, mümkün zərərin miqyası yalnız yeni peyk görüntüləri əlçatan olduqdan sonra aydınlaşıb.
BƏƏ "GlobalEye" sistemlərini "Saab" şirkəti ilə bağladığı bir neçə müqavilə vasitəsilə əldə edib. Beş təyyarə üçün təxminən 2,3 milyard dollar ödənilib ki, bu da konfiqurasiyadan və texniki xidmət paketindən asılı olaraq bir təyyarənin qiymətinin təxminən 450-500 milyon dollar olduğunu göstərir.
