Bu gün Parisdə 1972-ci ildə qəbul edilmiş UNESCO Konvensiyasının üzv dövlətlərinin Baş Məclisinin 25-ci sessiyasında, Azərbaycan 2025–2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinin üzvü seçilib.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yayıb.
Məlumata görə, Şərqi Avropa regionu üçün bir yer uğrunda beş ölkə mübarizə aparıb. Seçkilərin birinci turunda Azərbaycan 160 səsdən 92 səs toplayıb.
Ümumilikdə 21 ölkədən ibarət olan komitə UNESCO-nun Ümumdünya İrs Siyahısının hazırlanması, irs obyektlərinin qorunması və Ümumdünya İrs Fondu vəsaitlərinin bölüşdürülməsinə cavabdehdir.
Qeyd edək ki, Azərbaycan daha əvvəl 2015–2019-cu illərdə komitənin üzvü olub, 2019-cu ildə isə komitənin 43-cü sessiyasına ev sahibliyi etmişdi.