İran və ABŞ arasında birbaşa əlaqələr son günlərdə yenidən bərpa olunub.
"PostMedia" xəbər verir ki, bu barədə "Axios" nəşri ABŞ rəsmisinə və vəziyyətlə tanış mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa təmas yenidən qurulub. Bildirilir ki, Əraqçi müharibənin başa çatdırılması ilə bağlı Uitkoffa qısa mesajlar göndərib.
ABŞ rəsmisi qeyd edib ki, dialoqu başlatmağa cəhd edən tərəf məhz İran olub. Bununla belə, o vurğulayıb ki, ABŞ İranla rəsmi danışıqlar aparmır.
Rəsmi əlavə edib ki, İranın sülh razılaşmasının bir hissəsi kimi irəli sürdüyü “kompensasiya” tələbi qəbul edilməyib. Eyni zamanda, Donald Trampın İranın dünya ilə inteqrasiyasına və neft gəlirlərindən faydalanmasına imkan verə biləcək mümkün razılaşmaya açıq olduğu bildirilib.
“ABŞ prezidenti hər zaman razılaşmaya açıqdır. Lakin o, zəif mövqedən danışıqlar aparmır və münaqişənin başlanmasına səbəb olan məsələlərdən geri çəkilmir”, – deyə rəsmi bildirib.
Daha əvvəl İran tərəfi qeyd etmişdi ki, Uitkoff qeyri-rəsmi kanallarla İran XİN rəhbəri ilə əlaqə saxlayaraq danışıqlar təşkil etməyə çalışıb. Lakin Tehran bu mesajları cavabsız qoyaraq hələlik danışıqlara hazır olmadığını bəyan edib.
