6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Hörmüz boğazının bağlanması gübrə ixracının 50% azalmasına səbəb olub

17-mart-2026
Türkan Nəbi
Hörmüz boğazının bağlanması gübrə ixracının 50% azalmasına səbəb olub
Yazı Ölçüsü:

Hörmüz boğazının bağlanması dünya üzrə gübrə ixracının təxminən 50%-nin dayanmasına səbəb olub.

"PostMedia" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Məlumata görə, bu vəziyyət Avropa və Asiyada əkin mövsümünü təhlükə altına qoya, həmçinin ərzaq böhranına səbəb ola bilər.

Yaxın Şərqdə münaqişənin başlanmasından sonra azot gübrələrinin qiyməti təxminən 30% artıb. Rusiya isə qlobal bazarın təxminən 20%-nə sahib olaraq ixracı artırmaq imkanına malikdir.

Ən çox zərər görən ölkələrdən biri Hindistan olub. Qətərdən mayeləşdirilmiş təbii qaz tədarükünün faktiki dayanması nəticəsində karbamid istehsal edən bir çox müəssisə ya fəaliyyətini dayandırıb, ya da gücünü əhəmiyyətli dərəcədə azaldıb.

Ekspertlər qeyd edir ki, Hindistan üçün vəziyyət xüsusilə kritikdir, çünki iyunda başlayan musson əkin mövsümü ərəfəsində ölkədə azot gübrələrinə tələbat yüksəkdir. Bu isə düyü, buğda və digər əsas məhsulların istehsalına mənfi təsir göstərə və ərzaq qiymətlərinin artmasına səbəb ola bilər.

Mövcud şəraitdə gübrə bazarında qiymətlərin kəskin artımı və qeyri-sabitlik riski yüksəlir. Xüsusilə azot və fosfor gübrələri daha həssas sahə hesab olunur. Logistika problemləri karbamid, ammonyak və kükürd kimi əsas komponentlərin çatdırılmasına da təsir edir.

Mütəxəssislərin sözlərinə görə, azot gübrələrinin maya dəyərinin 70–90%-i təbii qazın qiymətindən asılıdır. Qətərdən qaz tədarükünün dayanması və enerji qiymətlərinin artması nəticəsində karbamid və ammonyak artıq 15–20% bahalaşıb.

Bu fonda Avropada azot gübrələri istehsal edən müəssisələrin təxminən yarısı ya fəaliyyətini dayandırıb, ya da minimal güclə işləyir. Norveçin Yara şirkəti Avropadakı zavodlarında ammonyak istehsalını 60% azaldıb, Almaniyanın BASF konserni isə Ludviqshafendəki kimya kompleksində ammonyak sintezi qurğularından birini tam dayandırıb.

Qeyd olunur ki, Avropa Çin və Rusiya ilə birlikdə azot gübrələrinin ən böyük istehsalçılarından biri olduğuna görə, istehsalın azalması qlobal bazarda çatışmazlıq və qiymət artımını daha da gücləndirə bilər.

Ekspertlərə görə, vəziyyətdən çıxış yollarından biri Rusiyadan karbamid idxalının artırılmasıdır. Bu həcmin ildə 1–1,5 milyon ton artırılması mümkün hesab olunur, çünki bu tədarüklər Hörmüz boğazından asılı deyil və logistika daha sabitdir.

Kateqoriyalar