ABŞ və İran arasında əvvəl keçirilmiş danışıqlarda, xüsusilə nüvə proqramı ilə bağlı məsələlərdə tərəflər müəyyən razılıqlara nail olublar.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı ilə birgə mətbuat konfransında danışıb.
Nazir qeyd edib ki, buna baxmayaraq, bəzi fikir ayrılıqları hələ də qalmaqdadır. Onun sözlərinə görə, əsas mübahisə mövzularından biri uranın zənginləşdirilməsi məsələsidir.
Fidan vurğulayıb ki, əvvəlki görüşlərdə əsas diqqət nüvə məsələlərinə yönəlsə də, gələcək müzakirələr daha geniş gündəliyi əhatə edəcək. Bu mövzular arasında xüsusilə Hörmüz boğazı ətrafında yaranmış vəziyyət və ABŞ ilə İsrailin hücumlarından sonra gəmiçilik təhlükəsizliyi məsələləri var.
Türkiyənin xarici işlər naziri bildirib ki, Hormuz boğazı təkcə Fars körfəzi ölkələri üçün deyil, bütün dünya iqtisadiyyatı üçün mühüm tranzit nöqtəsidir. Onun sözlərinə görə, ötən ay baş verən hadisələr bu marşrutun qlobal iqtisadiyyata nə qədər ciddi təsir göstərdiyini göstərdi.
Fidan regionda təhlükəsizliyin təmin edilməsinin vacibliyini də vurğulayıb. O qeyd edib ki, region ölkələri, o cümlədən İran, aralarındakı problemləri açıq və şəffaf şəkildə müəyyənləşdirərək həll etməlidirlər.
Nazir əlavə edib ki, Türkiyənin region üzrə xüsusi baxışı var və bu yanaşma son 1,5–2 ildə prezident Rəcəp Tayyib Ərdoğanın rəhbərliyi ilə formalaşdırılıb. Türkiyə bu baxışı tərəflərlə bölüşür.
Fidanın sözlərinə görə, regionun bəzi ərəb ölkələrinin İranla problemlərini xarici qüvvələrin iştirakı ilə həll etməyə çalışması, həmçinin İranın regionda təsirini vasitəçilər vasitəsilə genişləndirməsi tarixən ciddi gərginlik yaradıb.
O qeyd edib ki, Türkiyə region ölkələrinin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini əsas prinsip hesab edir və təhlükəsizlik və inkişaf kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini dəstəkləyir.
Fidan həmçinin bildirib ki, regiondan kənar ölkələr də sülh danışıqlarına böyük maraq göstərir. Onun sözlərinə görə, beynəlxalq səviyyədə artıq geniş fikir birliyi formalaşıb ki, bu müharibə dayandırılmalıdır və onun başlanması səhv idi.
Nazir əlavə edib ki, hazırda İranın üzərinə hücumların yanlış olduğu barədə beynəlxalq konsensus mövcuddur və bu razılaşma yeni diplomatik danışıqlar üçün əsas ola bilər.