Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən təsirlənən iqtisadiyyatlara təxminən 5 milyard avro investisiya yönəltməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, Bank bu məqsədlə xüsusi “münaqişəyə cavab proqramı” başladığını açıqlayıb. Proqram müharibədən zərər görən ölkələrdə və qonşu regionlarda iqtisadi sabitliyi dəstəkləməyə yönəlib.
EBRD-nin açıqlamasına görə, hazırda münaqişənin təsirləri artıq ticarət yollarının pozulması, enerji və xammal qiymətlərində şoklar, investisiya etimadının azalması və sosial gərginliyin artması şəklində özünü göstərir.
Dəstək proqramı birbaşa təsirə məruz qalan ölkələri və əraziləri yəni İraq, İordaniya, Livan, Qərb Sahili və Qəzzanı əhatə edəcək. Eyni zamanda regionun bir sıra qonşu dövlətləri – Misir, Türkiyə, Ermənistan və Azərbaycan da proqram çərçivəsinə daxildir.
EBRD prezidenti Odile Renaud-Basso bildirib ki, bank qeyri-müəyyənlik dövründə əks-tsiklik (countercyclical) maliyyə dəstəyi göstərməyə hazırdır və iqtisadi sabitliyi qorumaq üçün fəaliyyətini genişləndirir.
Proqram iki mərhələdən ibarət olacaq: ilk mərhələdə iqtisadi fəaliyyətin davamlılığı və maliyyə sektorunun sabitləşdirilməsi, ikinci mərhələdə isə uzunmüddətli bərpa və inkişaf üçün əsasların yaradılması nəzərdə tutulur.
Enerji sektoruna xüsusi diqqət ayrılacaq və enerji şirkətlərinə qısamüddətli likvidlik dəstəyi veriləcək. Eyni zamanda daha dayanıqlı və diversifikasiya olunmuş enerji sistemlərinə keçid sürətləndiriləcək.
Dövlət müəssisələrinin dəstəklənməsi vasitəsilə əsas xidmətlərin fasiləsiz işləməsi təmin ediləcək, özəl sektorda isə şirkətlərin dövriyyə kapitalı və likvidliyi gücləndiriləcək.
Bank həmçinin kiçik və orta bizneslərə, eləcə də infrastruktur və ərzaq təhlükəsizliyi layihələrinə dəstək verməyi planlaşdırır.
EBRD qeyd edir ki, proqram yalnız maliyyə investisiyaları ilə məhdudlaşmır, həm də hökumətlərlə siyasi dialoq, texniki yardım və məsləhət xidmətlərini əhatə edəcək.
Bank 2012-ci ildən bəri regionun cənub və şərq Aralıq dənizi ölkələrində 26,5 milyard avrodan çox investisiya həyata keçirib, Türkiyədə isə 2009-cu ildən indiyədək 23 milyard avrodan artıq vəsait yatırıb.