UEFA İsrailin kənarlaşdırılmasını müzakirə edəcək – The Times
25-sentyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
UEFA gələn həftə İsrailin təşkilatın yarışlarından kənarlaşdırılıb-kənarlaşdırılmaması ilə bağlı qərar qəbul edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Məlumatda deyilir ki, İcraiyyə Komitəsinin əksər üzvləri sanksiyaların tətbiqini dəstəkləyir.
Qəzet yazır ki, bu həftə UEFA-da İsrailin fəaliyyətlərinə necə reaksiya verilməli olduğu ilə bağlı yüksək səviyyəli ciddi müzakirələr aparılıb. Kənarlaşdırmanı dəstəkləyənlər 2022-ci ildə Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra rus klublarının və yığmalarının uzaqlaşdırılmasını nümunə kimi göstərirlər.
Bundan əvvəl "Israel Hayom" yazmışdı ki, diplomatların, idman rəhbərlərinin və ABŞ rəsmilərinin səyləri nəticəsində məsələ gündəmdən çıxarılıb. Lakin indi UEFA-nın yenidən sanksiyalara dair qərar qəbul edə biləcəyi vurğulanır.
Qeyd edək ki, avqust ayında BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanese də UEFA-ya müraciət edərək İsrailin turnirlərdən kənarlaşdırılmasını tələb etmişdi.