Tramp gömrük rüsumlarının artırılmasından sonra ABŞ vətəndaşlarına 2 min dollar ödəməyi vəd edib
10-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Yüksək gəlirli insanlar istisna olmaqla, bütün amerikalılara dünyanın demək olar ki, bütün ölkələrinə tətbiq etdiyi gömrük rüsumlarından əldə olunan gəlirdən pay kimi 2 min dollar veriləcək.
"PostMedia" xəbər verir ki, bu varədə ə Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb.
“Rüsumlara qarşı çıxan insanlar axmaqdır. İndi biz dünyanın ən varlı, ən hörmətli ölkəsiyik. ABŞ-də rekord həcmdə investisiyalar yatırılır, hər yerdə zavodlar və istehsalat sahələri tikilir. Hər kəsə azı 2 min dollarlıq pay veriləcək".
O, əlavə edib ki, gömrük rüsumları sayəsində ABŞ trilyonlarla dollar gəlir əldə edir və tezliklə 37 trilyon dollarlıq dövlət borcunu ödəyəcək.
Trampın bu bəyanatından sonra ABŞ Maliyyə naziri Skott Besent açıqlama verərək bildirib ki, 2 min dollarlıq bu ödənişlər vətəndaşlara müxtəlif formalarda verilə bilər – o cümlədən vergi güzəştləri vasitəsilə.
“Çaybahşişlərinə tətbiq olunan vergiləri ləğv etmək, artıq iş saatları üçün vergiləri aradan qaldırmaq, sosial təminat vergisini ləğv etmək, avtokreditlər üzrə azaldılma imkanları təmin etmək” kimi variantlar nəzərdən keçirilir”, – deyə Besent qeyd edib. O, həmçinin bu məsələni hələ prezidentlə müzakirə etmədiyini əlavə edib.
2025-ci ilin aprelin əvvəlində Tramp 211 ölkə və əraziyə idxal olunan mallar üçün yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı. Onlardan 86 ölkə üçün rüsumlar 11–50 % arasında artırılıb, qalan ölkələr üçün isə 10%-lik baza rüsumu müəyyən edilib.
Ağ Evin rəhbəri bunu belə əsaslandırıb: ABŞ “yaxın və uzaq xalqlar – həm dostlar, həm də düşmənlər tərəfindən talan, zorakılıq və oğurluğa məruz qalıb”. Bu qərardan sonra Tramp bildirib ki, ABŞ artırılmış rüsumlar hesabına gündə 2 milyard dollar qazanır.
Avqust ayında Tramp idxal rüsumları ilə bağlı yeni fərman imzalayıb. Ölkələrin əksəriyyəti üçün 10–15%-lik baza dərəcəsi, ən yüksək rüsumlar isə Suriya, Laos, Myanma, İsveçrə və bir sıra digər ölkələr üçün müəyyən edilib.
Eyni zamanda Tramp digər ölkələrə rüsumların azaldılması müqabilində ticarət sazişləri bağlamağı təklif edib. Nəticədə ABŞ Böyük Britaniya, Avropa İttifaqı, Cənubi Koreya, Yaponiya, Filippin, Vyetnam və İndoneziya ilə bu cür sazişlər imzalayıb. Bu ölkələr 15–20% gömrük rüsumunun azaldılması qarşılığında ABŞ-də böyük investisiyalar yatırmaq, Amerika məhsulları və enerji resursları almaq, həmçinin siyasi və hərbi əməkdaşlığı gücləndirmək öhdəliyi götürüblər.