Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Avropa İttifaqı Ermənistana Moskva ilə mövcud faydalı əlaqələrə alternativ heç nə təklif etmir.
"PostMedia" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin qeyd edib.
Onun sözlərinə görə, Rusiya və Ermənistanı təhlükəsizlik sahəsində öhdəliklər birləşdirir və Avropa İttifaqı bu sahədə Ermənistana heç bir real alternativ təqdim etmir.
Kaluqin qeyd edib ki, Rusiya və Ermənistanı bir sıra müqavilələr bağlayır ki, bunlar “respublikanın təhlükəsizliyini təmin edir”. “Bu arxitekturanın mühüm elementi KTMT olaraq qalır. Ermənistanın təşkilata üzvlüyünü ‘dondurması’ öhdəliklərin mahiyyətini dəyişmir. Belə təminatları nə ilə əvəz etmək mümkün olduğunu təsəvvür etmək çətindir. Yerevanda Aİ himayəsi altında keçirilən sammitlər zamanı da gördüyümüz kimi, heç kim real alternativ təklif etmir”, — deyə diplomat bildirib.
Kaluqinin sözlərinə görə, Rusiya öz növbəsində “yalnız təklif edən tərəf deyil, uzun illərdir Ermənistanın sabitliyini və təhlükəsizliyini real və effektiv şəkildə təmin edir”.
O, 1992-ci il Türkiyə və İranla sərhədlərin Rusiya sərhədçiləri tərəfindən qorunması, 1995-ci il hərbi baza yerləşdirilməsi və 1997-ci il dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqavilələrini də xatırladıb.
“Biz Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşıyıq. 2025-ci ilin nəticələrinə görə, onun xarici ticarət dövriyyəsinin 36%-i Rusiyanın payına düşüb (Aİ-nin isə təxminən 10%). Kənd təsərrüfatı məhsullarının 98%-i və spirtli içkilər ixracının 78%-i Rusiya bazarına göndərilir. Xarici ticarət hesablaşmalarının 98%-i milli valyutalarla aparılır. Ermənistanda 4,2 milyard dollar investisiya ilə onlarla Rusiya biznes layihəsi həyata keçirilir. Rusiya enerji və ərzaq təhlükəsizliyinin təminatçısıdır. Eyni zamanda Ermənistan üçün həyati əhəmiyyət daşıyan məhsullar və enerji resursları bazar qiymətlərindən xeyli ucuz qiymətlərlə tədarük olunur”, — deyə Rusiya XİN rəsmisi yekunlaşdırıb.