Fransa prokurorluğu Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2007-ci il prezident seçki kampaniyasının Liviya lideri Müəmmər Qəddafi rejimi tərəfindən qanunsuz maliyyələşdirilməsi işi üzrə apellyasiya prosesi çərçivəsində onun yeddi il azadlıqdan məhrum edilməsini tələb edib.
“PostMedia” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
71 yaşlı Sarkozi seçkilər ərəfəsində Qəddafi ilə gizli razılaşma bağlamaqda ittiham olunur. İddiaya görə, liviyalı diktator onun seçki kampaniyasına siyasi dəstək və Lokkerbi və Niger üzərində törədilən terror aktlarından sonra Liviyanın beynəlxalq nüfuzunun bərpasına yardım qarşılığında maliyyə vəsaiti ayırıb.
Sarkozi bütün ittihamları qəti şəkildə rədd edir və prosesi siyasi motivli adlandırır.
Ötən ilin sentyabrında birinci instansiya məhkəməsi onu cinayətkar sövdələşmədə təqsirli bilsə də, korrupsiya və şəxsən qanunsuz maliyyələşmə alma ilə bağlı maddələr üzrə bəraət vermişdi. Bununla belə, məhz bu iş Sarkozini müasir Fransa prezidentləri arasında həbsxanaya düşən ilk şəxs edib — o, ötən ilin sonunda təxminən üç həftə barsmaqlıqlar arxasında qalıb.
İndi isə apellyasiya çərçivəsində prokurorlar onun korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi daxil olmaqla bütün əsas ittihamlar üzrə təqsirli bilinməsini tələb edirlər.
Yekun hökmün noyabrın 30-da elan olunacağı gözlənilir. İttiham hökmü təsdiqlənərsə, sabiq prezidenti 10 ilə qədər həbs cəzası gözləyir.
Bu, Sarkozinin prezident postunu tərk etdikdən sonra Fransa ədliyyə sistemi ilə ilk qarşıdurması deyil. Son illərdə o, digər cinayət işləri üzrə artıq iki yekun ittiham hökmü alıb.